İyulun 7-də UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olundu, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Dünya irs siyahısına salındı. 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNECKO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.
Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Dünya irs siyahısına salınması Azərbaycanın UNESCO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsidir.
Bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda – dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin təbii davamıdır.
Xüsusi məmnunluq doğurur ki, Şəki ilə bağlı tarixi qərar Dünya İrs Komitəsinin ölkəmizdə keçirilən sessiyasında qəbul olunub. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi faktının özü Azərbaycanın dünya irsi obyektlərinin qorunması məsələsində xidmətlərinin beynəlxalq miqyasda etirafı və yüksək qiymətləndirilməsinin sübutudur.
Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
UNESCO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Dünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir.
Bu əlamətdar hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.
Ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri (Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s.) var. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da artacaqdır.