Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya İrs Komitəsinin 43-cü sessiyası günlərində bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, yeni əlaqələrin qurulması, mövcud əlaqələrin inkişaf etdirilməsi perspektivlərindən bəhs olunub.
Braziliya ilə mədəni əməkdaşlıq müzakirə olunub
Nazir iyulun 5-də Braziliyanın mədəniyyət məsələləri üzrə katibi (nazir) Henrique Pires ilə görüşdü.
Əbülfəs Qarayev ölkəmizin mədəni irsi haqqında söz açaraq bildirdi ki, mədəniyyətimizin daha da inkişaf etdirilməsi və dünyada təbliği dövlətin əsas prioritetlərindən biridir. Bunun üçün müxtəlif layihələr həyata keçirilir, festivallar təşkil olunur. Nazir Azərbaycan və Braziliya arasında əlaqələrə toxunaraq, mədəniyyət, xüsusilə musiqi, kino sahəsində əlaqələrin inkişafının böyük perspektivləri olduğunu dedi.
Henrique Pires ölkəmizin zəngin mədəniyyəti ilə bağlı məlumatlı olduğunu bildirdi. O, Braziliyada Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biri olan “Əli və Nino” romanının çox sevildiyini, əsərin portuqal dilində ikinci nəşrinin hazırlandığını diqqətə çatdırdı. Qonaq mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək, bu xüsusda qarşılıqlı səfərlərin təşkilinin vacibliyini də vurğuladı.
Yaponiya nümayəndə heyəti ilə görüş
Həmin gün nazir Əbülfəs Qarayev ilə Yaponiyanın Şizuoka prefekturasının qubernatoru Heita Kavakatsunun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirildi.
Nazir Yaponiya nümayəndə heyətinin UNESCO-nun bu mötəbər tədbirində fəal iştirakına görə qonağa təşəkkürünü bildirərək, iki ölkə arasındakı münasibətlərə toxundu. Qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Heita Kavakatsu Azərbaycanın UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq ölkəmizə səfər çərçivəsində bir sıra tarixi məkanlara, o cümlədən Qobustan qoruğuna səfər etdiklərini dedi, mədəni irs nümunələrimizin onlarda dərin təəssürat oyatdığını bildirdi.
Söhbət zamanı Azərbaycan və Yaponiya arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanlar olduğu qeyd edildi.
Çin ilə mədəni əlaqələr üçün geniş imkanlar var
Azərbaycan-Çin mədəni əlaqələri iyulun 7-də mədəniyyət naziri Əbülfəs Qarayevin bu ölkənin təhsil nazirinin müavini və UNESCO üzrə Milli Komissiyasının rəhbəri Tian Xuejun ilə görüşündə də müzakirə olundu.
Nazir Bakı sessiyasında Çin nümayəndə heyətinin fəal iştirak etdiyini vurğuladı.
Çinin Dünya İrs Komitəsinin 44-cü sessiyasına ev sahibliyi etmək istəyi bu ölkənin dünyada mədəni irsin qorunmasına töhfəsi kimi qiymətləndirildi.
Tian Xuejun Azərbaycanın Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə hazırlaşdığını bildirdi. Qeyd etdi ki, gələn il növbəti sessiyanı qəbul edəcək Çin bu sahədə Azərbaycanla əməkdaşlığa önəm verəcək.
***
İyulun 6-da Çin Xalq Respublikasının Mədəni İrsin Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri Lyu Yoycoy ilə görüşən Əbülfəs Qarayev qonağa bu ölkənin təqdim etdiyi nominasiyanın Dünya irs siyahısına salınması münasibətilə təbriklərini çatdırdı.
Nazir Çin nümayəndə heyətinin UNESCO-nun bu mötəbər tədbirində fəal iştirakına görə təşəkkürünü bildirərək, iki ölkə arasındakı münasibətlərə toxundu. Qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Lyu Yoycoy Azərbaycanın Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. Qeyd etdi ki, növbəti sessiya Çində keçiriləcək və təşkilatçılıq baxımından Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün önəmlidir.
Söhbət zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu qeyd edildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Burkina Faso Azərbaycanla mədəni əlaqələrdə maraqlıdır
Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada iştirak edən Burkina Fasonun ali təhsil və elmi araşdırmalar naziri Alkasum Maiganın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşdü.
Əbülfəs Qarayev iyulun 5-də bu ölkənin təqdim etdiyi nominasiyanın Dünya irs siyahısına salınması münasibətilə nümayəndə heyətini təbrik etdi. Nazirlər iki ölkə arasında münasibətlərin qurulması barədə söhbət apardılar.
Alkasum Maiga Azərbaycanla mədəni əlaqələrin qurulmasında, o cümlədən musiqi qruplarının qarşılıqlı səfərlərinin, film həftələrinin təşkil olunmasında maraqlı olduqlarını qeyd etdi.
FARİZ