İyulun 6-da Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində İtaliyanın Romualdo Del Bianko Fondunun “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda tədbiri keçirildi.
Tədbir yerli mədəni irs nümunələrinin yerləşdiyi ərazilərin dayanıqlı inkişafı üçün güclü mexanizmlərin yaradılması, yerli mədəni təzahürlərin təşviqi, mühafizəsi və inkişafına həsr olunmuşdu.
Dünya İrs Komitəsinin 43-cü sessiyasına sədrlik edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada nominasiyaların qiymətləndirilməsi, siyahıya salınması istiqamətində məhsuldar müzakirələrin aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya nümayəndə heyəti də bu sessiyada çox fəal iştirak edir.
Vurğulandı ki, Romualdo Del Bianko Fondu mədəni irs sahəsində uğurla fəaliyyət göstərir: “İrs vasitəsilə sülhün əldə olunması” ideyasını da dəstəkləyirik. Bu, dünyada sülhün əldə olunması baxımından olduqca vacib məsələdir”.
Romualdo Del Bianko Fondunun baş katibi Simone Giometti, fondun vitse-prezidenti Şarlotta Del Bianko tədbirin əhəmiyyətindən danışdılar. Mədəniyyətlərarası dialoqun əldə olunması üçün irs nümunələrinin rolu, maddi və qeyri-maddi irs nümunələrinin istifadəsi və qorunub saxlanılması, mədəni irs nümunələrinin müxtəlifliyi ətrafında çıxışlar oldu. Çıxışlar zamanı turizmin mədəni müxtəlifliyə müsbət münasibətin təşviqində rolu, mədəni irs nümunələri barədə məlumat yaymaqla onlara kommersiya imkanları təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
FARİZ