Dünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə paytaxtın Nizami küçəsində 3-7 iyul tarixində keçirilən I Respublika Sənətkarlıq Festivalına xarici qonaqlar böyük maraq göstərib.
Festival çərçivəsində ölkəmizdə olan müxtəlif ölkələrin nümayəndələri, o cümlədən iş adamları, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər keçirilib, sənətkarlıq sahələrinin inkişafı ilə bağlı təcrübə mübadiləsi aparılıb.
İyulun 5-də Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Türkistan Vilayətinin akiminin müavininin başçılığı ilə nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı sərgi ilə tanışlıq təşkil edilib, qonaqlara Azərbaycanın milli-mədəni irsi, xalq tətbiqi-dekorativ və təsviri sənət nümunələri haqqında məlumat verilib. Qazaxıstan nümayəndə heyəti ölkəmizdə mədəniyyətin inkişafına göstərilən qayğını təqdir edərək qarşılıqlı təcrübə mübadiləsi üçün əhəmiyyətli perspektivlərin olduğunu bildirib. Azərbaycan sənətkarları Qazaxıstanda təşkil ediləcək festival və sərgilərə dəvət edilib.