Milli Qəhrəman Ramiz Qəmbərov haqqında film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə "Milli Qəhrəmanlar" silsiləsindən indiyədək 20 sənədli film çəkilib, 15 film isə hazırda istehsalın müxtəlif mərhələsindədir. Bu ekran əsərlərindən "Şuşalı şəhid" adlı filmin istehsalı başa çatmaq üzrədir.
Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir. Xronikal kadrların da yer aldığı ekran əsərində döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.