Azərbaycanın qədim irs və mədəniyyət mərkəzlərindən biri, son illər “MDB-nin mədəniyyət paytaxtı”, “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən, 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilən Şəki şəhəri tarixi mərkəzi və möhtəşəm Xan sarayı ilə artıq dünya irsinin bir parçasıdır. İyulun 7-də Dünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunan tarixi qərar qədim şəhəri bütün dünyaya tanıtmaqla bərabər Azərbaycan mədəni irsinin növbəti təntənəsidir.

Qədim İpək Yolunun üzərində mühüm ticarət mərkəzi kimi tanınan, ipəyi ilə ad çıxaran Şəki çay daşları ilə döşənmiş küçələri və Orta əsrlər memarlığı ilə Azərbaycanın ən mənzərəli şəhərlərindən biridir. Yüz illər bundan əvvəl İpək Yolu boyu çoxlu mehmanxanalar vardı, bu gün Azərbaycana gələn əcnəbilər isə XVIII əsrə aid olan “Yuxarı Karvansara”da qala bilərlər.

Şəki Xan sarayı şəhərin ən məşhur tikilisidir. XVIII əsrdə inşa edilmiş ikimərtəbəli bina öz zəngin interyeri və eksteryeri ilə fərqlənir. Binanın içərisində çiçəklər, fauna, döyüş və ov səhnələri təsvirləri olan kompleks freskalarla bəzənmiş altı otaq var.

Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə yaradılıb. Qoruğun ümumi ərazisi 283 hektardır. Ərazidə dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidə mövcuddur. Qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı da dövlət tərəfindən qorunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.

Qoruğun ərazisində sənətkarlıq emalatxanaları fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digər sənət növləri qorunub saxlanılır, inkişaf etdirilir.

Bu ərazinin digər özəlliyi Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov Şəkinin bu məkanında doğulub. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var.