Sessiyanın altıncı günü siyahıya 13 mədəni irs obyekti daxil edildi

Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-da Dünya irs siyahısına təklif edilən nümunələrin təqdimat və müzakirəsi ilə işini davam etdirdi.

Sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev plenar iclası açaraq tədbirin yüksək səviyyədə keçdiyini diqqətə çatdırdı. Bildirildi ki, iyulun 5-də namizədlik fayllarının müzakirəsi zamanı 8 nominasiya Dünya irs siyahısına daxil edilib. Qarşıda bizi yeni müzakirələr gözləyir.

Daha sonra Bəhreynin Dilmun kurqanlarının nominasiyası ilə bağlı müzakirə başladı. Bildirildi ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi.

Müzakirələrdən sonra Bəhreynin təqdim etdiyi nominasiya Dünya irs siyahısına daxil edildi. Sədr Bəhreyn dövlətini təbrik edərək bildirdi ki, bu nominasiyanın qəbulu ilə artıq Dünya irs siyahısındakı abidələrin sayı 1100-ə çatmış oldu.

Növbəti nominasiya Avstraliyanın Budj Bim mədəni regionu ilə bağlı idi. Məlumat verildi ki, bu region Avstraliyanın cənub-şərqində yerləşir. Burada 4 relyef növü mövcuddur. Macarıstan, Çin, İspaniya, Norveç, Azərbaycan təmsilçiləri nominasiyanı dəstəklədiklərini diqqətə çatdırdılar.

Müzakirələrdən sonra bu nominasiya da qəbul edildi. Avstraliyanın nümayəndəsi aborigen əhaliyə aid mədəni nominasiyanın qəbuluna görə təşəkkür etdi.

 

Hindistanın Jaipur şəhəri Dünya irs siyahısına salındı

 

İclasda baxılan növbəti nominasiya Hindistanın Rajastan ştatındakı Jaipur şəhəri ilə bağlı idi. İCOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) nümayəndəsi nominasiya ilə bağlı məlumat verdi.

Bildirildi ki, XVIII əsrin əvvəllərində əsası qoyulan şəhərin özünəməxsus memarlıq üslubu var. Hind, Moğol memarlığı və müasirliyi özündə birləşdirir. Buna baxmayaraq, şəhərdə ənənəvi yaşayış mülkiyyət meyarları ilə bağlı əlavə tədbirlər görülməlidir. Burada qorunma planı adekvat deyil və yeni idarəçilik sisteminə ehtiyac var.

Dünya İrs Komitəsinə üzv dövlətlərin (komitənin 21 üzvü var) təmsilçiləri məsələyə dair fikirlərini bildirdilər. Braziliya faylı təsdiqlədiyini və şəhərin 9 orijinal darvazasının tarixi şəhər statusunu saxlamağa layiq olduğunu vurğuladı. Hindistan nümayəndəsi faylla bağlı ətraflı məlumatı diqqətə çatdırdı.

Norveç, Bəhreyn, Kuba, Azərbaycan, Küveyt, Zimbabve, Tunis və digər ölkələr təqdim edilən mədəni irsin xüsusiyyət təhlilləri ilə bağlı mülahizələrini söylədilər. Braziliya faylın yaradıcı dəyəri olduğu üçün nominasiyanın mətninə dəyişiklik edilməsini təklif etdi. Məsələ ilə bağlı geniş müzakirələr aparıldı.

Sessiyaya sədrlik edən nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, 14 ölkə Braziliyanın təklifinə səs verib. Beləliklə, faylın yeni mətninə əlavələr, memarlıq nəzarəti, hüquqi mühafizəni təkmilləşdirmək terminləri daxil edildikdən sonra nominasiya qəbul edildi.

Hindistan nümayəndəsi faylın qəbulundan qürur duyduqlarını bildirdi və təşəkkür etdi.

 

İndoneziya, Yaponiya və Laosun abidələrinə dəyaşıl işıq

 

Növbəti müzakirə mövzusu İndoneziyanın Savahlunto kömür mədəni ilə bağlı nominasiya oldu. Müzakirələrdən sonra nominasiya siyahıya daxil edildi. İndoneziya nümayəndəsi təşəkkürünü bildirərək dedi ki, bu irsin UNESCO siyahısına salınması və dünyada tanınması bölgəyə turistik marağın artmasına və yerli əhalinin rifahına da töhfə olacaq.

Sessiyada növbəti təqdimat Yaponiyanın təqdim etdiyi “Mozu Furuichi Kofun Gruop” – qədim yapon mədəniyyətini əks etdirən məzarlıqla bağlı idi. Osaka ovalığında yerləşən məzarlıq 1500 ildir ki, yerli əhali tərəfindən qorunur.

Müzakirələr zamanı İspaniya, Azərbaycan və Dünya İrs Komitəsinin digər üzvləri Yaponiyanın bu sahəyə göstərdiyi diqqəti təqdir etdi, yerli əhalinin mədəni irsinə münasibəti yüksək qiymətləndirildi. Nominasiya qəbul edildi. Yaponiya hökumətinin nümayəndəsi komitənin üzv dövlətlərinə minnətdarlıq etdi.

Daha sonra Laos Demokratik Respublikasının təqdim etdiyi Xienghuang tarixi ərazisi ilə bağlı nominasiya müzakirəyə çıxarıldı. Məruzəçi nominasiya ilə bağlı düzəliş və s. təklifin olmadığını bildirdi və təqdimat qəbul edildi.

Laos nümayəndəsi turizmin inkişafına böyük töhfə verən bu ərazinin Dünya irs siyahısına salınmasına görə komitə üzvlərinə təşəkkür etdi. Həmçinin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edərək bütün iştirakçı dövlətlərə və dünyaya sülh arzuladı.

 

Myanmanın qədim Bagan şəhəri dünya irsi elan edildi

 

İyulun 6-da günün ikinci yarısında iclas Myanma tərəfindən təqdim edilən qədim Bagan şəhəri haqqında nominasiyanın müzakirəsi ilə davam etdi.

İCOMOS nümayəndəsi bildirdi ki, nominasiya hələ 1995-ci ildə təqdim olunub, 2001-ci ildə fayla yenidən qayıdılıb. Bagan (Pjaa Gjan) indiki Myanma ərazisində mövcud olmuş eyniadlı dövlətin (XI-XIII əsrlər) paytaxtı olub. Qədim şəhərin yerləşdiyi ərazi Buddizm dininə aid abidələrlə zəngindir və Bagan sivilizasiyasını əks etdirir.

Ərazi bu gün buddistlərin zəvvarlıq məkanı kimi də fəaliyyətdədir. Buradakı arxeoloji zonada 3000-dən çox abidə, o cümlədən qədim monastırlar və s. var. Tarixi ərazidə 7 şəhər və 2 kənd yerləşir. 1975 və 2016-cı illərdəki zəlzələ nəticəsində buradakı abidələrin bir qisminə zərər dəyib.

Sonra üzv ölkələrin fikirləri dinlənildi. Uqanda, Çin, İspaniya qərar layihəsini dəstəklədiklərini vurğuladılar.

Müzakirələrdən sonra Myanmanın faylı qəbul edildi. Myanma nümayəndəsi təşəkkürünü bildirərək hər kəsi Bagan abidələri ilə tanış olmağa dəvət etdi.

 

Daha bir nominasiyaqəbul edildi, ikisi isəgeri qaytarıldı

 

Gündəlikdəki növbəti məsələ olan Koreya Respublikasının “Seovon – Yeni Konfutsi Akademiyası” nominasiyası müzakirəyə çıxarıldı.

İCOMOS nümayəndəsi faylla bağlı məlumatla çıxış etdi. Bildirdi ki, Koreya tərəfi 2015-ci ildə bu qovluğu təqdim edib, amma o, bir sıra səhvlər olduğu üçün geri qaytarılıb. Hazırda qeyd edilən mülkiyyət ətraf mühitlə tam təmasdadır. Ərazi yeni Konfutsi ənənələrini ehtiva edir. Burada ilk Seovon təlim və inkişafının şahidi oluruq. İlkin dövrün memarlıq üslubu qorunaraq saxlanılıb.

Koreya Respublikasının nominasiya barədə məlumatında bildirildi ki, bu akademiya XVI-XVII əsrlərdə fəaliyyət göstərib və böyük tarixi ənənə yaradıb. Bu ənənə bu gün müasir tədris sisteminin də inkişafında mühüm rol oynayır. Akademiya müasir Konfutsi təhsil sisteminin formalaşmasına güclü təsir göstərib. Müzakirələrdən sonra fayl qəbul edildi.

Daha sonra Avstriyanın təqdim etdiyi “Grossglokner – yüksək Alp dağları yolu” nominasiyası müzakirə edildi. Avstriyanın Zalsburq və Karintiya vilayətlərini birləşdirən, eyniadlı dağın adını daşıyan yol yüksək dağ silsiləsində milli park ərazisindən (48 km) keçir.

İCOMOS nümayəndəsi bildirdi ki, təqdimatda məkanla bağlı universal dəyər düzgün qiymətləndirilməyib. Burada ilkin (orijinal) yol genişləndirilərək divarlarda əlavə konservasiya işləri aparılıb. Nominasiyanın təxirə salınması tövsiyə edildi. Avstriya nümayəndəsi qərarla razılaşdıqlarını bildirdi və faylın təkmilləşdiriləcəyini dedi.

Növbəti sənəd qovluğunu – “Qədim Roma imperiyasının sərhədləri” adlı nominasiyasını Avstriya, Macarıstan, Almaniya və Slovakiya birlikdə təqdim etdi.

Bu qovluq da qızğın müzakirə doğurdu. Norveç və digər ölkələr bu nominasiyaya etirazlarını bildirdilər. Nəticədə nominasiya qəbul edilmədi.

 

Kanadanın əyalət parkı və Çexiya-Almaniya dağ-mədən regionu haqqında qərar

 

Kanadanın təqdim etdiyi “Daşlar üzərində yazı” əyalət parkı ilə bağlı nominasiyanın müzakirələri zamanı bu ərazidə aborigen əhalinin adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səsləndi. Komitə üzvlərindən Çin, Tunis, Avstriya, Avstraliya bu nominasiyanı dəstəklədi və onun ərazidə qaradərili sakinlərin linqvistik hüquqlarının qorunmasına xidmət etdiyi vurğulandı.

Müzakirələrdən sonra fayl qəbul edildi. Ərazinin qaradərili icmasının nümayəndəsi nominasiya ilə bağlı əlavə addımların atılacağını diqqətə çatdırdı. O, ərazinin qədim mədəni irsinin gələcək nəsillərə çatdırılması üçün atılan bu addıma görə Dünya İrs Komitəsinə minnətdarlığını bildirdi.

Növbəti müzakirə Çexiya və Almaniyanın birgə təqdimatı – Ergebirge/ Krusnohori dağ-mədən regionu” nominasiyası üzrə aparıldı. Bildirildi ki, 2004-cü ildə bu nominasiya müzakirəyə çıxarılsa da, sonradan geri götürülmüşdü. İki ölkənin ərazisini əhatə edən bu mədənlə bağlı geniş iş aparılıb. 800 ilə yaxın tarixi olan bu mədəndə ötən dövr ərzində böyük dəyişikliklər olub. Nominasiya müzakirə olunduqdan sonra müsbət qərar qəbul edildi və ərazi Dünya irs siyahısına salındı.

Hər iki dövlətin nümayəndələri ev sahibliyinə görə Azərbaycana və müsbət qiymətləndirməyə görə komitəyə minnətdarlıq etdilər.

 

Çexiya və Almaniyanın təqdim etdikləriiki nominasiya da təsdiqləndi

 

İclasda baxılan daha bir məsələ Çexiyanın təqdim etdiyi “Kladrubi nad Labem mərasim atlarının təlimi və yerləşdirilməsi” nominasiyası oldu.

Məlumat verildi ki, Kladrubi nad Labem indiki Çexiya ərazisində Pardubitse diyarında kiçik kənddir. Buradakı atçılıq zavodu Habsburq imperiyasında yaranmış (XVI əsr) fermer təsərrüfatının bir hissəsi olub və Avropada atçılığın inkişafına öz təsirini göstərib.

İCOMOS nümayəndəsi bildirdi ki, qərar layihəsində bufer zonası genişləndirilməli, yeni sənədlər hazırlanmalıdır. Bu faylla bağlı növbəti informasiyalar verilənə qədər yeni idarəçilik planı da hazırlanmalıdır.

Qırğızıstan, Kanada, Avstraliya, İspaniya və digər ölkələr formal hesabatlılıqla bağlı dəyişikliklərin təsdiqlənməsinin vacibliyini vurğuladılar və layihəyə müsbət baxılmasının tərəfdarı olduqlarını bəyan etdilər. Müzakirələrdən sonra nominasiya təsdiqləndi.

Daha bir təqdimat Almaniyanın hazırladığı “Auqsburq su idarəetmə sistemi” ilə bağlı nominasiya qovluğu oldu.

Bildirildi ki, yeddi əsrdən çoxdur bu sistemdən istifadə edilir. Faylla bağlı geniş qiymətləndirmə aparılıb, əsaslandırma əhatəli şəkildə qeyd olunub. Vurğulandı ki, Auqsburq su idarəetmə sistemi dayanıqlı sistemdir.

Dünya İrs Komitəsi üzvlərindən Çin, Azərbaycan, Tunis faylı dəstəklədilər. Müzakirələrdən sonra fayl siyahıya daxil edildi. Auqsburq şəhərinin meri peşəkar qiymətləndirməyə görə İCOMOS-a və faylın işlənməsində əməyi olan təşkilat qrupuna təşəkkür etdi.

 

Polşanın Krzemionki qədim mədən regionu dünya irsi oldu

 

Sessiyanın altıncı iş günündə baxılan axırıncı məsələ Polşanın “Krzemionki qədim tarix mədən regionu” nominasiyası idi.

Əvvəlcə nominasiya ilə bağlı İCOMOS-un verdiyi tövsiyələr dinlənildi. Bildirildi ki, 78 hektar ərazini əhatə edən mədən sistemi tarixi baxımdan da əhəmiyyətlidir. Bununla belə, İCOMOS ərazinin bütövlüyünə şübhə yarandığını bildirdi. Vurğulandı ki, bufer zolağı və idarəçilik sistemi düzgün qurulmayıb, əlavə qorunma səviyyəsi təyin edilməyib.

Dünya İrs Komitəsinin üzv-ölkələrindən Bəhreyn, Azərbaycan, Çin və Tanzaniya sahənin müstəsna dəyərini qiymətləndirərək nominasiyanın yubadılmasına lüzum olmadığını bildirdi. Digər ölkələrin əlavə və tövsiyələri dinlənildi. Norveç nominasiyanın iki il sonra, 2021-ci ildə 45-ci sessiyada müzakirəyə çıxarılmasını təklif etdi. Lakin gərgin müzakirələrdən sonra fayl qəbul edildi.

Polşa nümayəndəsi ölkəsinin Mədəniyyət Nazirliyi adından Dünya İrs Komitəsinə sədrlik edən Azərbaycana və üzv ölkələrə təşəkkür etdi, sessiya iştirakçılarına ən xoş diləklərini çatdırdı.

LALƏ