Ölkəmiz uğurla ev sahibliyi etdiyi mötəbər tədbirlərin şərəf lövhəsinə yeni bir sətir yazdı
Bu gün Azərbaycan beynəlxalq festivallara, qlobal forumlara, konfranslara, yarışlara – dünya miqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Bu, Azərbaycan rəhbərliyinin yeritdiyi çoxşaxəli diplomatiyanın, bütün dünyaya açıq siyasətinin nəticəsi, ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun təsdiqidir.
Birbaşa mövzu və mahiyyətindən savayı, eyni zamanda xalqlar və ölkələr arasında mehriban münasibətlərə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfə və zəmin olan bu tədbirlərin Azərbaycanda gerçəkləşməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə verilən yüksək qiymətin ifadəsidir.
İyunun 30-da Heydər Əliyev Mərkəzində təntənəli açılışı keçirilən, iyulun 1-dən 10-dək Bakı Konqres Mərkəzində davam edən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda son illər gerçəkləşən mötəbər tədbirlərin şərəf lövhəsinə yeni bir sətir yazdı.
Bunadək Azərbaycanın qəbul etdiyi ən genişmiqyaslı beynəlxalq tədbir 2016-cı ilin aprelində Bakı Konqres Mərkəzində 140 ölkədən 2 minədək qonağın iştirakı ilə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu idi. Bu dəfə eyni məkanda 150-dən çox ölkədən 2500-dək nümayəndə bir araya gəldi. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə gerçəkləşməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna yeni ilmələr qazandırdı, eyni zamanda xalqımızın zəngin mədəni irsinin, yüksək qonaqpərvərliyinin nümayişi oldu.
Bu günlər ölkəmizdən ən xoş təəssüratla, səmimi duyğularla ayrılan hər bir qonağın dilindəki, dilə gətirməsə belə, üzündəki ifadə budur: Sağ ol, Bakı! Təşəkkürlər, Azərbaycan!