Kinoteatrlar onların nümayişində niyə maraqlı deyillər?

Son illər ölkəmizdə kinonun digər sahələri ilə yanaşı, milli cizgi filmlərinin istehsalında da yeniləşmə, inkişaf özünü göstərir. 80-ci illərin sonu - 90-cı illərin əvvəlindəki fasilədən sonra cizgi filmlərinin çəkilişləri bərpa olunmuş, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında 20-dən artıq ekran əsəri istehsal edilmişdir. Bu sırada “Köhnə bina”, “Tıq-tıq xanım”, “Cəsur təyyarə”, “Tırtılın arzuları” və başqalarını qeyd etmək olar.
“Azanfilm” studiyasının direktoru Fariz Əhmədov bildirir ki, ötən il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Ən güclü kimdir?”, “Köhnə mismar” və “Gəlin, birgə öyrənək” adlı cizgi filmləri çəkilib. “Gəlin, birgə öyrənək” layihəsinə “Rənglər” və iki seriyadan ibarət “Mən saymağı öyrənirəm” animasiya filmləri daxildir. Layihənin "Rənglər" musiqili animasiya filmi artıq tamaşaçıların ixtiyarına verilib, ikinci hissənin çəkilişləri isə davam edir. Bu sahədə kadr çatışmazlığına diqqət çəkən direktorun sözlərinə görə, səbəb təhsil müəssisələrində müvafiq ixtisasın tədris olunmaması ilə bağlıdır: “Ümidverici haldır ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən animasiya sahəsi üzrə təhsil almaq üçün gənclər xaricə göndərilir. Bəllidir ki, cizgi filmi böyük əmək tələb edən sahədir. Film eskizlər, kompüter qrafikası və s. mərhələlərdən keçərək bəzən bir ilə başa gəlir. Hazırda “Azanfilm”də müasir cizgi filmlərini ekranlaşdırmaq üçün lazımi texniki imkanlar mövcuddur. Bu səbəbdən də son dövrdə istehsal edilən cizgi filmləri həm balacaların zövqünü oxşayır, həm də böyüklər tərəfindən qiymətləndirilir”.
Yeni cizgi filmlərinin nümayişi məsələsinə aydınlıq gətirən direktor qeyd etdi ki, ekran əsərləri 10-15 dəqiqəlik olduğu üçün kinoteatrlar onların nümayişində maraqlı deyillər: “Amma istehsal olunan filmləri göstərməyə telekanalların marağı var. Kanallar hər nümayiş üçün az da olsa vəsait ödəyirlər. Cizgi filmləri paralel olaraq müxtəlif kanallarda nümayiş olunarsa, təbii ki, daha çox gəlir əldə edilə bilər”.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin proqram direktorluğundan bildirdilər ki, onlar milli cizgi filmlərinin nümayişində maraqlıdırlar. AzTV-də mütəmadi olaraq “Azanfilm”də istehsal edilən cizgi filmləri göstərilir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti də ölkə istehsalı olan cizgi filmlərinin nümayişinə yer verir. Telekanalın proqram direktorluğundan bildirdilər ki, ana dilimizdə olan və müasir mövzularda çəkilmiş, eyni zamanda uşaqların zövqünü və maraqlarını ödəyə bilən yerli cizgi filmlərinin nümayişi mütəmadi olaraq həyata keçirilir.
Bəli, hər gün kiçikyaşlı uşaqlarımız ekran qarşısında əyləşərək sevdikləri cizgi filmi qəhrəmanlarının gəlişini gözləyirlər. Əminik ki, bizdə də bu sahədə yetərincə kadrlar yetişəcək və xarici cizgi filmi qəhrəmanlarını öz personajlarımız əvəz edəcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar