Xəbər verdiyimiz kimi, 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan musiqisinin inciləri UNESCO-nun siyahısında” adlı silsilə tədbirlər təşkil olunub.
Muzeydən verilən məlumata görə, bu günlərdə “Azərbaycan muğam sənəti”, “Azərbaycan aşıq sənəti”, “Azərbaycan tarının hazırlanması və tar ifaçılığı sənəti”, “Kamançanın hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı tədbirlər keçirilib.
Sonuncu tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib və ustad dərsi keçib. Ansamblın bədii rəhbəri Xalq artisti, professor Ağaverdi Paşayev, baletmeysteri Əməkdar artist Ceyhun Qurbanovdur.
Həmçinin Heydər Əliyev Sarayında muzeyin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı təqdim olunub.