Bakıda Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Dünya İslam Kulinariya Konqresi keçirilir.
İyulun 16-da konqresin açılış mərasimində çıxış edən Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti Gökhan Tufan tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Vurğulanıb ki, konqresin keçirilməsində məqsəd İslam ölkələrinin kulinariyasını bir araya gətirmək və təbliğ etməkdir.
AMKA-nın prezidenti Tahir Əmiraslanov məlumat verib ki, üç gün davam edəcək konqresdə 24 ölkə iştirak edir. Tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadıçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya Birliyinin II konfransı da keçiriləcək. Həmçinin “Azərbaycanın Tovuz bölgəsinin mətbəxi” axşamı keçiriləcək.
T.Əmiraslanov ötən il nəşr olunan “Azərbaycan mətbəxində dolmalar” adlı kitab barədə də məlumat verib. Vurğulayıb ki, kitab Azərbaycan mətbəx mədəniyyətini daim diqqətdə saxladığına, UNESCO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib. Kitabda 2016-cı ildə Abşeronda, 2017-ci ildə Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 300-dən çox dolma növü öz əksini tapıb.
Tədbirdə WICS-nin baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək konqres barədə öz fikirlərini bölüşüblər.