Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Kosmos yay festivalı” keçirilib.
Rəsədxanadan bildiriblər ki, festivalda müxtəlif yaş qruplarından 120 nəfər iştirak edib.
Təşəbbüsün məqsədi “Bəşəriyyətin böyük sıçrayışı” sayılan Aya enmənin 50 illiyi münasibətilə ictimaiyyət arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasıdır.
Rəsədxananın şöbə müdiri Ədalət Ətayi festival iştirakçılarını buradakı muzeylə tanış edib, eksponatlar haqqında ətraflı məlumat verib.
Sonra iştirakçılar müəyyən edilmiş kamp ərazisinə aparılıb. Burada dron uçuşları izlənilib, Bakı Mühəndislik Universiteti tələbələrinin hazırladığı təyyarə nümayiş etdirilib. Ədalət Ətayi astronomiya elmi haqqında məruzə ilə çıxış edib.