Azərbaycan foto sənətində əvəzsiz xidmətləri olmuş tanınmış fotojurnalist Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən sonra 2019-cu il iyulun 13-də vəfat edib.
H.Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Foto sənətinə “Vışka” qəzetində fotojurnalist kimi başlayıb, “Kommunist”, “Pionerskaya pravda”, “Komsomolskaya pravda” və s. qəzetlərlə əməkdaşlıq edib. Daha sonra müstəqil fotoqraf kimi çalışıb. “Neft gəldi” və “Qazma ustası Faiq Əliyev” fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgisində 1-ci dərəcəli diploma layiq görülüb. “Press Foto-62” beynəlxalq sərgisi, Berlində “İnterpresfoto” sərgisinin mükafatlarını qazanıb. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində “Azərbaycanın kulinariya ensiklopediyası” yaranıb. 60-dan çox kitab-albomun müəllifidir.
Azərbaycan Fotoqraflar Birliyi mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.