“YARAT”da açılan iki yeni sərgiyə press-tur təşkil olunub

“YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rəssam Taus Maxaçevanın “Şarivari” və Koreya-Kanada rəssamı Zadi Çanın fərdi sərgisinə jurnalistlər üçün press-tur təşkil edilib.

Məlumat verilib ki, geniş və çoxprofilli yaradıcılıq təcrübəsinə malik Taus Maxaçeva bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ-də sirk ənənələrinə, ələlxüsus Bakı Dövlət Sirkinin tarixinə həsr olunub, müəllif əsərlər vasitəsilə Qafqazın müasirliyini araşdırır.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndirilərək nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayır. “Şarivari” termini spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər.

Taus Maxaçeva 1983-cü ildə Moskvada anadan olub. Məşhur avar şairi Rəsul Həmzətovun nəvəsidir. Londonun Qoldsmit Kollecində bakalavr və Kral İncəsənət Kollecində magistr təhsili alıb. Mahaçkalada yaşayır. Müasir incəsənət sahəsində “İnnovasiya” Dövlət mükafatının, Kandinski mükafatının (“İlin media layihəsi” nominasiyası, 2011) laureatıdır.

Taus Maxaçevanın filmlər və arxiv fotoşəkillərinə əsaslanan instalyasiyası xaotik, xəyali sirk mühiti yaradır və bura qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun... bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya sirk arenasında doğuş prosesinin şahidi olmaq, qeyri-adi insan-heyvan piramidasının neçə qurulmasını seyr etmək, VR (virtual reallıq) sirk dəbilqəsini sınamaq və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir.

Sonra media təmsilçiləri Zadi Çanın fərdi sərgisi haqqında məlumatlandırılıb. Qeyd edilib ki, yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır.

Zadi Ça 1983-cü ildə Vankuverdə doğulub. Hazırda Londonda yaşayır və fəaliyyət göstərir. Əsərləri beynəlxalq qalereya və festivallarda nümayiş etdirilir.

Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etmək məqsədilə, canlı performans, video, rəsm və parçalardan istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri – musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam çox zaman fantastik sualtı aləmi yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.

Sərginin kuratoru “Art Night”ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Hər iki sərgi sentyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.