Lacivərd sahildə növbəti incəsənət layihəsi
Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və Kann şəhər meriyasının təşkilatçılığı ilə lacivərd sahildə - festivallar şəhəri Kannda növbəti Azərbaycan mədəniyyəti günləri başlayıb.
Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.
Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər merinin müavini Frank Şıkli çıxış ediblər.
Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyəti və müxtəlif ölkələrdə, eləcə də Fransada həyata keçirdiyi layihələr haqqında məlumat verib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılmasına töhfələrindən danışıb. İcraçı direktor Azərbaycan xalçaçılıq məktəbinə, onun tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Diqqətə çatdırılıb ki, bu günlərdə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında ölkəmiz üçün çox mühüm bir qərar qəbul edilib, Şəki şəhərinin tarixi mərkəzi Xan sarayı ilə birgə UNESCO-nun Dünya irs siyahısına salınıb. “Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fondun iki ildən çox müddətdəki zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, - deyə A.Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə gətirən toxuculara, Kann şəhər meriyasının əməkdaşlarına təşəkkürünü bildirib.
Kannda artıq ənənəyə çevrilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunan Frank Şıkli bildirib ki, mədəniyyət xəzinəmizin yaxından tanınmasını təşviq edən belə layihələr iki xalqın daha da yaxınlaşmasına, qarşılıqlı münasibətlərin zənginləşməsinə töhfə verir.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar. “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi ilə yanaşı, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. Rəssam xalça eskizlərində Şəki Xan sarayı və Şəkixanovların evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.
Avqustun 18-dək davam edəcək sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistlər layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.
Azərbaycan mədəniyyətinin Kannda yenidən təşviq edilməsindən çox şadıq. Xalça sərgisi bizdə çox böyük maraq doğurdu. Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Fransanın Kann şəhərində təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin açılışında iştirak edən Kann merinin müavini Frank Şıkli bildirib.
Frank Şıkli qeyd edib ki, bu sərgini dünya sərgisi də adlandırmaq olar, çünki Kann dünya şəhəri kimi tanınır. Bu sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir.
“Azərbaycan haqqında çox oxumuşam, ancaq ölkənizə getmək istəyirəm. Əminəm ki, biz gələcəkdə mədəniyyət və təhsil sahələrində yeni layihələr həyata keçirəcək və bir-birimizi qarşılıqlı olaraq daha yaxından tanıyacağıq”, - bu sözləri isə şəhər meriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maqali Tabui deyib.
Maqali Tabui bildirib ki, bu il təşkil olunan sərgi Azərbaycan xalçaçılığı ilə daha ətraflı tanışlığa imkan yaradır. Ümumiyyətlə, belə tədbirlər tərəfdaşlığımıza, Azərbaycan mədəniyyətinin təbliğinə yeni təkan verir.