Tammetrajlı sənədli filmin təqdimatı
Fevralın 18-də Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək. Ekran əsəri 21 avqust - 7 sentyabr 2014-cü il tarixində Bakıda keçirilmiş "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanıb.
Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, “Belsat” kanalı, Polşa Xarici İşlər Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.
Təqdimata Polşadan layihənin müəllifləri və prodüserləri dəvət olunub.
Qeyd edək ki, dünyanın müxtəlif şəhərlərində həyata keçirilən layihə üzrə kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarlar keçirilir, bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər üzərində birgə çalışırlar. Layihə indiyədək Minsk, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Kişineu, İstanbul və s. şəhərlərdə reallaşdırılıb.