Görkəmli memar Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
İyulun 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə görkəmli memarın “Keçmişdən gələcəyə” adlı kitabının təqdimatı oldu.
Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, sənətkar onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. Uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin gözəlləşməsində xidmətləri böyükdür: “Rasim müəllimin əsərlərində ölkəyə olan məhəbbətinin təzahürləri hiss olunur. O həm də gözəl rəssamdır. Çəkdiyi portretlərdə insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika, əslində, öz xarakterindən irəli gəlir. Görkəmli sənətkarın böyük tələbə ordusu var. O, Azərbaycanla yanaşı, xarici ölkələrdə də yaxşı tanınır”.
Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında dövlət başçısı İlham Əliyevin sərəncamını oxudu və fəxri diplomu yubilyara təqdim etdi.
Nazir Rasim Əliyevin gördüyü işlərin həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq bildirdi ki, o, Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələrindən biridir: “Rasim müəllimin yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək. Onun yaradıcılığı keçmişdən gələcəyə bir körpüdür”.
Nazir Əbülfəs Qarayev qeyd etdi ki, Bakıda, eləcə də bölgələrimizdə bir sıra tarixi abidələrin bugünkü görkəmində Rasim Əliyevin dəst-xətti görünür. Nazir sənətkarı yubileyi münasibətilə təbrik etdi, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı.
Daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Rasim Əliyevin Azərbaycan memarlıq sənətinə verdiyi töhfələri yüksək qiymətləndirdi. Qeyd etdi ki, sənətkar Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsinin layihəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və Naxçıvan Hava Limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək Rasim Əliyevin memarlığa, rəssamlığa olan məhəbbətindən danışdılar. Rasim Əliyevin istedadlı memar, fırça ustası olduğunu qeyd edən natiqlər onun şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini vurğuladılar.
Daha sonra Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı oldu.
Yubiley gecəsi konsert proqramı ilə davam etdi.
Sonda çıxış edən Rasim Əliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, Rasim Həsən oğlu Əliyev 16 iyul 1934-cü ildə görkəmli alim, akademik, ictimai xadim Həsən Əliyevin ailəsində anadan olub. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. Azərbaycan Dövlət Layihə İnstitutunda əmək fəaliyyətinə başlayan memar respublikada şəhərsalma və memarlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1974-1988-ci illərdə Bakı şəhərinin baş memarı olub. Onun rəhbərliyi və müəllifliyi ilə Bakı şəhərinin ötən əsrdəki sonuncu baş planı, “İçərişəhərin regenerasiya planı” hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Yeni Günəşli yaşayış massivlərinin, Rixard Zorge və Koroğlu parklarının layihələri hazırlanıb, paytaxtda, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında memarlıq-tikinti layihələri həyata keçirilib.
Bu sahədə göstərdiyi xidmətlərə görə Rasim Əliyev Əməkdar memar fəxri adına (1979), respublika Dövlət mükafatına (1982) layiq görülüb, “Qırmızı Əmək Bayrağı” (1980), “Şöhrət” (2000), “Şərəf” (2009), “İstiqlal” (2014) ordenləri ilə təltif olunub.
Rasim Əliyev Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür.
F.HÜSEYNOV