Əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək
Artıq bir neçə ildir ki, Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyət göstərir. Kafedraya tanınmış qafqazşünas alim Eva-Mariya Aux rəhbərlik edir. Professor Eva-Mariya Aux ölkəmizə növbəti səfərə gəlib.
Bakı Dövlət Universitetində professor Eva-Mariya Aux, Humboldt Universitetinin əməkdaşları Rasim Mirzəyev və Kristian Vilhelm ilə görüş keçirilib.
Rektor Elçin Babayev 100 illiyini qeyd etməyə hazırlaşan BDU-nun tarixi, fəaliyyəti barədə məlumat verib. O, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və dilinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirildiyini yüksək qiymətləndirib və iki universitet arasında əlaqələrin yeni səviyyədə qurulmasında maraqlı olduğunu bildirib.
Professor Eva-Mariya Aux təmsil etdiyi universitetin Almaniyanın və Avropanın ən nüfuzlu elm mərkəzlərindən, təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Bildirib ki, kafedranın xətti ilə tələbələrə Azərbaycan tarixi barədə maraqlı mühazirələr oxunur, seminarlar keçirilir və ustad dərsləri təşkil edilir.
Görüşdə Erasmus proqramında iştirak, bakalavr, magistr və doktorantura səviyyələrində kadr hazırlığı, yeni əməkdaşlıq əlaqələri, birgə tədbir və seminarların keçirilməsi kimi məsələlər də müzakirə olunub.