Mədəniyyət Nazirliyinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımına həsr olunmuş “Ürəyində arzu tut” tamaşası ilə Sabirabad şəhərində qastrol səfərində olub.
Sabirabad şəhər Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunan tamaşada Xocalı faciəsi zamanı əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji-mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.
Xatırladaq ki, teatrın kollektivi “Ürəyində arzu tut” tamaşasının Sabirabad rayonundakı nümayişi ilə həm də 137-ci mövsümü başa vurub.