Tbilisidə azərbaycanlı fotoqraf Nurlan Tahirlinin fərdi sərgisi açılıb. Gürcüstan Milli Parlament Kitabxanasında açılan sərgi “Travel Tunnel” (“Səyahət tuneli”) adlanır.
Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyasının (APG) birgə təşkil etdiyi sərgidə fotoqrafın 30-dan çox səyahət və şəhər mənzərələri mövzusunda şəkilləri nümayiş olunub.
APG-nin sədri Kaxa Pxakadze tədbiri açaraq gənc fotoqrafın yaradıcılığını təhlil edib, onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləyib.
Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən üzvü olan N.Tahirlinin bu sərgisi sayca üçüncüdür. Daha öncə onun Azərbaycanda (2015) və Türkiyədə (2016) fərqli mövzularda əsərləri nümayiş olunub.
N.Tahirli təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində, marketinq üzrə magistratura təhsilini Türkiyənin Sakarya Dövlət Universitetində alıb. Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və laureatıdır, 2019-cu ildə Avropa Fotoqraflar Federasiyası (FEP) tərəfindən “European Photographer” (Avropa fotoqrafı) təsnifatına layiq görülüb.