Arxeoloqlar torpağın altında qalan gizli tarixi, mədəni mirası üzə çıxarmaqla keçmişlə müasir dövr arasında körpü yaradırlar. Azərbaycanda bu elm sahəsinin inkişafında böyük əməyi olan alimlərimizdən biri də Saleh Qazıyevdir. Görkəmli alim ötən əsrin 50-ci illərində Mingəçevir abidələrini dərindən araşdırıb.

Saleh Mustafa oğlu Qazıyev 16 sentyabr 1893-cü ildə indiki Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açıb. Əvvəlcə mollaxanada oxuyur, sonra təhsilini kənddə açılmış “Rövzət-ül-maarif” məktəbində davam etdirir. 20-ci illərdə Şəhər Pedaqoji Texnikumunda qiyabi təhsil alır. Sonralar həmin texnikumda, Bakı məktəblərində, Ağdaş Pedaqoji Texnikumunda çalışır. Şəki və Ağdaş rayon maarif şöbələrinin müdiri vəzifəsində işləyir.

S.Qazıyev pedaqoji fəaliyyəti ilə yanaşı tarixi və arxeoloji memarlıq abidələrinin araşdırılmasına dərin maraq göstərib. 1928-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxuyur. 1939-cu ildən indiki Milli Azərbaycan Tarixi Muzeyində işləyir. Qafqaz Albaniyasının tarixi irsi, Oğuz və Qəbələ rayonlarındakı qədim abidələrlə bağlı araşdırmalar aparır. Eyni zamanda Azərbaycan arxeologiya və etnoqrafiyasına dair məlumat və materiallar toplayır. Tunc dövründən Orta əsrlərə qədər olan dövrə aid müxtəlif abidələrin tədqiqatı ilə məşğul olur. 1941-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alır. Həmçinin Bakı Dövlət Universitetinin Tarix fakültəsində mühazirələr oxuyur və arxeoloqların hazırlanması sahəsində geniş fəaliyyət göstərir.

Azərbaycan Tarix Muzeyinin direktoru, sonra akademiyanın Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbələrinin müdiri, uzun müddət Mingəçevir arxeoloji ekspedisiyasının rəhbəri olub. O, sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını verib. Qədim Qəbələnin, Qazax və Ağstafa rayonu ərazisindəki abidələrin tədqiqi sahəsində böyük xidmətlər göstərib.

S.Qazıyev 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. O, Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsərin - “Azərbaycan arxeologiyası”nın müəlliflərindən biri olub. “Azərbaycanın maddi mədəniyyəti” silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanıb. “Azərbaycanın qədim abidələri” (1948), “Qədim Mingəçevir” (1950) əsərləri, “Mingəçevir küp qəbirləri” (1960) albomu arxeologiya elminə, tarix və mədəniyyətimizə dəyərli töhfələr hesab olunur.

Araşdırıcı Nazim Hüseynov “Oğuzdur elim mənim” adlı məqaləsində 1941-ci ildə arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevir abidəsinin kompleks öyrənilməsindən geniş bəhs edib.

Xalq şair Səməd Vurğun həmin illərdə “Muğan” poeması ilə bağlı Mingəçevirdə tez-tez olub. Görkəmli alimlə təkrar-təkrar görüşüb və elmi axtarışlarla bağlı maraqlı söhbətlər edib. Şairin poemada bəhs etdiyi “qoca alim” də məhz S.Qazıyev olub.

Alimin elmimizə verdiyi töhfələr yüksək qiymətləndirilib, o, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif edilib. Görkəmli arxeoloq 17 iyul 1971-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV