Prezident İlham Əliyev iyulun 19-da görkəmli dilçi alim, türkoloq, akademik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Məmmədağa Şirəli oğlu Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu var. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi onun adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovet türkologiyası” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilib. Alim uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub, yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf edib.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə akademik Məmmədağa Şirəliyevin 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.