Mədəniyyət naziri Əbülfəs Qarayev “Real” televiziya kanalına müsahibə verib.
Müsahibədə Prezident İlham Əliyevin himayəsi və iştirakı ilə cari il mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb. Bildirilib ki, Forumda bəşəriyyəti narahat edən problemlərin həlli ilə bağlı mühüm təşəbbüslər irəli sürülüb.
Müsahibədə iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasından da bəhs olunub. Qeyd edilib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı sessiyada Azərbaycanın daha bir mədəni irs məkanı – Şəkinin tarixi mərkəzi Xan sarayı ilə birgə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Bununla da ölkəmizin Dünya irs siyahısında yer alan irs nümunələrinin sayı 3-ə çatıb.
Nazir bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündən bəhs edərək bu tədbirin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, görüşdə qaldırılan məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb, hazırda bu proses davam etdirilir.
Müsahibədə dövlət başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanına da toxunulub. Qeyd edilib ki, fərmanın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində müvafiq işçi qrupları yaradılıb. İşçi qrupları tərəfindən tabelikdə olan, şəhər və rayonlarda yerləşən bütün mədəniyyət müəssisələri haqqında ətraflı məlumatlar toplanılıb, təhlillər aparılıb və tanınmış mütəxəssislərin rəyi nəzərə alınmaqla beynəlxalq təcrübənin tətbiqi yolları araşdırılıb.