Mədəniyyət Nazirliyi tərəfindən respublikamızın ərazisində yeni mədəni marşrutların yaradılması, mövcud olanların inkişafı, Avropa Şurası mədəni marşrutlar şəbəkəsinə qoşulması, habelə həmin təşkilatla daha sıx əlaqələrin formalaşdırılması və ölkəmizin layiqincə təmsil olunması ilə bağlı işlər davam etdirilir.
2018-ci ilin 26-28 sentyabr tarixində Almaniyanın Görlitz şəhərində keçirilmiş Avropa Şurası mədəni marşrutların illik məşvərət forumunda “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb olunması məqsədilə təqdimat və “Zeytun ağacları” marşrutunun ekspertləri ilə görüş keçirilmişdi. Görüşdə Avropa Şurasının mədəni marşrutunun ekspertlərinin Azərbaycana səfər etməsi qərara alınmışdı.
Həmin qərara əsasən, 2019-cu ilin 20-24 may tarixində ekspert qrupu ölkəmizdə səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanın zeytunçuluq sahəsində mövcud təcrübəsinin və “Zeytun ağacları” mədəni marşrutuna qoşulmasının mümkünlüyünün araşdırılması idi. Səfər çərçivəsində ekspertlər Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevlə, eyni zamanda zeytunçuluq sahəsində ixtisaslaşmış bir sıra şirkətlərin rəhbərlikləri ilə görüşüb, həmçinin həmin şirkətlərin zeytun bağları, zeytun emalı zavodları ilə tanış olublar.
Ekspert qrupunun səfərindən sonra hazırlanmış hesabat Avropa Şurasına təqdim olunub və Azərbaycanın bu mədəni marşruta qoşulması yekdilliklə qəbul edilib.
Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu arasında razılaşma sənədi imzalanıb. Aparılan işlərin məntiqi nəticəsi olaraq Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib.