İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına salınmasında iştirak etmiş maltalı ekspert 20 il sonra Bakıya səfər təəssüratını qələmə alıb
Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu günlərdə Bakıda keçirilmiş UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib.
20 il əvvəl isə o, UNESCO-nun eksperti kimi Bakının tarixi hissəsinin – İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına salınması prosesində iştirak etmiş, ölkəmizin təqdim etdiyi nominasiya ilə bağlı İCOMOS-un hesabatını hazırlamışdı.
Rey Bondin 20 il öncəki xatirələrini və şəhərə budəfəki gəlişi, Dünya İrs Komitəsinin sessiyasında iştirakı ilə bağlı təəssüratını “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə qələmə alıb.
“Bakıya təkrar səfər” adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk səfərini xatırlayaraq deyir ki, o vaxt şəhərin tarixi hissəsini “xilas etmək” üçün gəlmişdi.
“20 il əvvəl ilk dəfə Bakıya gələndə Qız qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə enməli oldum...”, - deyə o, şəhərin bu tarixi simvolu ilə ilk tanışlığından bəhs edir.
“Bu dəfə mən 2 mindən çox insanın iştirak etdiyi UNESCO Dünya İrs Komitəsinin illik toplantısına gəldim. Şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi oldum”.
O daha sonra yazır: “Mən ilk dəfə Bakıya İçərişəhərin UNESCO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESCO-nun məsləhətçisi kimi fəaliyyət göstərən, mütəxəssislərdən ibarət olan İCOMOS təşkilatı köhnə şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi. Bu heç də asan missiya deyildi”.
Rey Bondin məqalədə qeyd edir ki, İçərişəhərin namizədliyi ilə bağlı müsbət hesabatım sayəsində İçərişəhər UNESCO-nun Dünya irs siyahısına daxil edildi: “O vaxtdan bəri və belə bir qısa müddət ərzində Bakı tamamilə dəyişib. Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları sökülərək müasir yaşayış evləri tikilib. Neftçıxarma qurğuları ilə dolu sahilləri xatırlayıram: bu gün isə bura tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar salınıb. Şəhərin hər yerində yaşıllıqların olduğu geniş parklar var”.
Müəllif 20 il əvvəlki hava limanını xatırlayaraq indi burada müasir dizaynlı böyük beynəlxalq aeroport terminalının inşa edildiyini, şəhərdə çoxlu dörd və beş ulduzlu hotellərin olduğunu diqqətə çatdırır.
O daha sonra yazır: “Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər, Bakının İçərişəhərində, digər UNESCO abidələri kimi, hədiyyə və suvenir mağazaları çox olsa da, hər şey zövqlə görülüb. Azərbaycan müsəlman ölkəsidir, çox sakitdir, dini zəmində gərginlik yoxdur. Xristian kilsələri var.
Mülayim iqlimi və təhlükəsizliyi səbəbindən Bakı şəhəri xüsusən Yaxın Şərqdən gələn həm müsəlmanlar, həm də yəhudilər üçün yeni bir turistik məkana çevrilib. Restoranlar çoxdur, qiymətləri də münasibdir...”.
Rey Bondin qeyd edir ki, azərbaycanlılar beynəlxalq konfranslar, Eurovision, BMT toplantıları və Formula 1 kimi böyük tədbirlərə ev sahibliyi etməkdən qürur duyurlar. Bakının müasir memarlığı bəziləri tanınmış xarici memarlar tərəfindən layihələndirilmiş müxtəlif binalardan ibarətdir. Bakı Azərbaycanın yeganə iri şəhəridir, lakin görməli yerlər çoxdur, ölkənin möhtəşəm mənzərələri və çox sayda irs abidələri var. Vətəndaşlar ölkələrinin dəyişməsindən məmnundurlar və aydındır ki, son dəfə ziyarət etdiyim vaxtdan bəri yaşayış səviyyəsi çox yüksəlib.
Sonda müəllif bir daha 20 il öncəyə qayıdaraq, o vaxt Bakıda olduğu ofisin döşəməsindəki qızdırıcı plitəni xatırlayır: “O vaxtdan bəri hər şey dəyişib. Bu gün buradakı ofisdən müasir ofis ola bilməz”.
Rey Bondinin “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə Bakının tarixi və müasir simvolları olan Qız qalasının, Heydər Əliyev Mərkəzinin, eləcə də İçərişəhərin tarixi binalarının fotoları da verilib.