İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Rusiya Federasiyasının  B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirildi. ATXİ-nin Gənclər sektorunun təqdimatında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, teatr xadimləri, media mənsubları iştirak edirdilər.

Xatırladaq ki, bir neçə il öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə B.Şukin adına Teatr İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, həmin ali məktəbdə ölkəmizdən 14 gənc təhsil alır.

İttifaqın Yaradıcılıq şöbəsinin əməkdaşı, gənc teatrşünas Dağlar Yusif görüşü açaraq “Şukin məktəbi”nin tələbələrinin təxminən bir ay öncə Bakıda, Akademik Milli Dram Teatrında dörd axşam davam edən çıxışlarını xatırlatdı.

Bu xatırlatmadan sonra tədbir iştirakçıları videoçarxa tamaşa etdilər. Videoçarxda artıq IV kurs tələbəsi olan gənclərin üç il öncə ittifaqın Mustafa Mərdanov səhnəsində verdikləri qabiliyyət imtahanından, onların Moskvada sənət məşğələlərindən görüntülər, Bakıdakı sinif konserti və kurs tamaşasından fraqmentlər yer almışdı.

Sonra ATXİ İdarə Heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov çıxış edərək tələbələrin üç tədris ili ərzində keçdikləri dərslərdən əxz etdikləri sənət priyomlarını, Bakı nümayişlərində artıq hiss olunan irəliləyişləri təhlil etdi. O, gənclərin təhsili başa vurduqdan sonra Azərbaycan teatrında uğurlu yaradıcılıq yolu keçəcəyinə əmin olduğunu bildirdi.

Tələbələr adından çıxış edən Vüsal Mehrəliyev qayğı və diqqətə görə minnətdarlıq etdi. Moskvada üç ilin bir göz qırpımında keçdiyini söyləyən V.Mehrəliyev bir ildən sonra Azərbaycana qayıdaraq yeni öyrəndiklərini nə zaman səhnədə, ekranda tətbiq etməyə başlayacaqlarını gözlədiklərini söylədi.

Sonra Azər Paşa Nemətov B.Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələrinə yaradıcılıq qurumunun fəxri fərmanını və pul mükafatını təqdim etdi.

G.MİRMƏMMƏD