Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır.
2015-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə qoruq ərazisində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün heyət dəvət olunub. 2016-cı ildə Damcılı mağara düşərgəsində arxeoloji qazıntılar başlanıb.
Bu il iyulun 16-dan beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə start verib. Ekspedisiyada Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin başçılığı ilə Qədim Şərq Muzeyinin, Yapon Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universiteti və digər elmi mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr üzrə mütəxəssisləri iştirak edir. Tədqiqat işlərinə yaponiyalı mütəxəssislərlə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da cəlb ediliblər.
Aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində işlədiyi illərdə müxtəlif dövrlərə aid alətlər, heyvan sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər. 2018-ci ildə isə Mezolit dövrünə aid daha yüksək elmi nəticələr əldə olunub. Bu ildən etibarən qazıntı işləri 3 metrə qədər genişləndirilərək qayaların alt tərəfində aparılır.
Qeyd edək ki, indiyə qədər bu ərazilərdə bu qədər uzunmüddətli və ardıcıl elmi tədqiqat işləri aparılmayıb.
Qədim Daş dövrünə aid abidə – Damcılı mağarası ötən əsrin 50-ci illərində tədqiq olunmağa başlanıb. 1956-1957-ci illərdə burada aparılan tədqiqatlar zamanı Orta Paleolit (Mustye mədəniyyəti), Üst Paleolit, Mezolit, Neolit və Orta əsrlərə aid materiallar aşkar olunub.