İyulun 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Şəlalə Salamzadənin “Mənşə” adlı videotəqdimatı olacaq. Təqdimat Koreya-Kanada rəssamı Zadi Çanın “YARAT”da açılmış “Maqohalmi övladı və yaradılış sədası” adlı fərdi sərgisi çərçivəsində reallaşacaq.

“YARAT”dan verilən məlumata görə, rəssamın “Mənşə” əsəri Humay ilahəsi əfsanəsindən bəhs edir. Qədim Azərbaycan mifologiyasında dünyanın sonsuz dənizlərdə yaşayan yarıqadın-yarıquş Humay ilahəsi haqqında əfsanə var. Azərbaycan mifologiyasında torpaq, flora və fauna dünyasının yaradıcısının məhz Humay ilahəsi olduğu bildirilir. Digər bir ənənə, bu ilahənin məğrur və güclü ruhunu mədh edir. Rəvayətə görə, Humay ilahəsi bütün dünyanı gəzib-dolaşandan sonra öz yorğunluğunu gizlədərək Tanrının yanına qayıdır və o, Humaya mətanət və dözümlülük ruhu bəxş edir. Humay ilahəsinə dahi şair Nizami Gəncəvinin əsərlərində də rast gəlmək olar.