İyulun 25-də Bakıda “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat-treninqlərin sonuncu mərhələsi keçirilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə yaradılmış portal üzrə treninqlərin bundan öncəki mərhələləri 20-21 iyun tarixində Qəbələdə (İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional mədəniyyət idarələri), 15-16 iyulda Şəmkirdə (Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələri), iyulun 22-23-də isə Lənkəran şəhərində (Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələri) keçirilib. Təlimlərə regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorları qatılıb.
Yekun təqdimat Bakı şəhəri üzrə Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor və aidiyyəti əməkdaşları üçün keçirilib.
Tədbirdə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, şöbənin sektor müdiri Yaşar Hüseynli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasov, portalın yenilənmiş proqram təminatını hazırlamış “AdZone” şirkətinin mütəxəssisləri iştirak ediblər.
Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunub, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib, suallar cavablandırılıb. Proqram təminatının təkmilləşdirilməsinə dair rəy və təkliflər “AdZone” şirkətinə çatdırılıb.
“Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təqdim olunması üçün proqramın gələcəkdə digər məlumat bazaları və portallar ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.