İyulun 27-28-də Quba şəhərində keçiriləcək Regional Mətbəx Festivalına hazırlıq işləri yekunlaşıb. Festival Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşacaq.
Festivalın təşkil olunacağı Quba şəhərinin Nizami parkında mətbəx nümunələrinin təqdim olunacağı köşklər qurulub, məlumatlandırma və tanıtım lövhələri asılıb. Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçılar və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunacaq.
Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq. İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş etdirəcəklər.
Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası fəaliyyət göstərəcək, uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq.
Tədbir zamanı muğam və estrada ifaçılarının iştirakı ilə konsert proqramları da təqdim olunacaq. Festivalın son günündə “Şahdağ- Quba” hotelində məşhur aşpazlar tərəfindən regional qida-iaşə sənayesinin aşpaz və mütəxəssisləri üçün ustad dərsi keçiriləcək.