Türkiyənin Bayburt şəhərində ənənəvi Beynəlxalq Dədə Qorqud Festivalı (Uluslararası Dede Korkut Kültür ve Sanat Şölenleri) keçirilir. Sayca 25-ci festival 22-28 iyul tarixi arasında davam edəcək.
Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edir. Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə 13 əsrlik zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər.
İştirakçılar Bayburtun Masat kəndində Dədə Qorqudun qəbri hesab edilən türbəni də ziyarət ediblər.
Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçısı Mustafa Kamal Atatürkün adını daşıyan meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin rəqs və folklor kollektivlərinin çıxışlarını maraqla izləyiblər.