Səmərqənddə keçirilən beynəlxalq konfransda ölkəmiz də təmsil olunub
Xəbər verdiyimiz kimi, 26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilir.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən festival çərçivəsində 27-28 avqust tarixlərində “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Konfransda 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları və beynəlxalq elmi-tədqiqat institutları və elm mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Elmi tədbirdə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, ADMİU-nun kafedra müdiri professor Kamilə Dadaşzadə, Beynəlxalq Muğam Mərkəzinin direktoru dosent Sahib Pazaşadə təmsil ediblər.
Konfransda açılış nitqi ilə çıxış edən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov “Şərq təranələri” festivalının ötən müddətdə beynəlxalq aləmdə geniş şöhrət qazandığını əsas gətirərək onun adının “Dünya təranələri” olaraq dəyişdirilməsini təklif edib.
TÜRKSOY-un baş katibi Sultan Raev konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin Türk dünyasında sənətşünaslıq sahəsində aparılan tədqiqatların və ortaq mədəni dəyərlərin təbliğinə töhfə verdiyini vurğulayıb. “Şərq təranələri” təkcə Şərq xalqlarının milli musiqisini deyil, daha geniş coğrafiyanın mədəni zənginliklərini nümayiş etdirir. Bu da yeni mədəni əməkdaşlıqlara yol açır”, – deyə S.Raev bildirib.
İki gün davam edən konfransda mövzu ilə bağlı musiqişünasların məruzələri dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilib. Bundan öncəki festival 2019-cu ildə olub. Pandemiya ilə bağlı festivala bir neçə il ara verilib. İndiyədək ümumilikdə 80-dək ölkədən musiqi kollektivləri və ifaçılar festivalda iştirak edib. O cümlədən Azərbaycan sənətçiləri dəfələrlə festivalın mükafatçısı (iki dəfə Qran-pri) olublar.
Budəfəki festivalda Azərbaycanı xanəndə Mirələm Mirələmov və instrumental heyət (Zəki Vəliyev – tar, Elnur Mikayılov – kamança, Kamran Kərimov – nağara, İdris Hüseynov – ud, Anar Vəlizadə – balaban) təmsil edir.
Festivalın beynəlxalq münsiflər heyətində XI “Şərq təranələri”nin (2017) Qran-pri mükafatçısı tarzən Sahib Pazaşadə də var.
***
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” adlı elmi-praktik konfransda iştirak edib.
Fonddan bildirilib ki, konfransda çıxış edən Aktotı Raimkulova qlobal mühitdə milli kimliyin formalaşması və qorunub saxlanılmasının əhəmiyyətini, Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın türk xalqlarının maddi-mədəni dəyərlərinin qorunması və təbliği sahəsində nailiyyətlərini vurğulayıb. Qeyd edib ki, əcdadlarımızın zəngin irsinin gələcək nəsillərə ötürülməsi Türk dünyası ölkələrinin mühüm vəzifəsidir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, festival iştirakçılarının beynəlxalq münsiflər heyəti qarşısında çıxışları üç gün sürüb (27-29 avqust).
Festivala qaliblərin mükafatlandırılması və qala-konsertlə yekun vurulacaq.