Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul etdi.
Səfir Beybit İsabayev Azərbaycanda çalışdığı müddətdə ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açdı. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı.
Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirdi.
Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan Beybit İsabayevə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşün sonunda səfir qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirdi, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd etdi. Beybit İsabayev həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını bildirdi.