2 avqust ölkəmizdə kino işçilərinin peşə bayramı – Milli Kino Günüdür. Əlamətdar  gün ərəfəsində Azərbaycan kinematoqrafiyasının son aylardakı uğurlarına, yeniliklərinə qısa nəzər saldıq.

Bu il Azərbaycan kinematoqrafiyası üçün xüsusilə əlamətdardır. Martın 1-də Prezident İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb. Kino sahəsinin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan sərəncamın icrası bu istiqamətdə daha geniş inkişafa vəsilə olacaq. Artıq kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən ibarət işçi qrup konsepsiyanı hazırlayaraq əlaqədar qurumlara təqdim edib.

Bununla yanaşı, Mədəniyyət Nazirliyi tərəfindən elan edilən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi (20 mart - 1 may) böyük marağa səbəb olub. Müsabiqəyə 200-dək layihə təqdim edilib, 18 ssenari istehsal imkanlarından asılı olaraq seçilib.

***

Ötən dövrdə yeni filmlərin istehsalı da həyata keçirilib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Rəqs”, “Soraq” (“Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” (“Protez”) qısametrajlı bədii filmləri, “Salnaməfilm” studiyasında “20 Yanvar” (“Silahdaşlar”), “Memar” (Memarlar İttifaqının sədri E.Qasımzadə haqqında), “Şəki” və “Saxurlar” sənədli filmlərinin, 3D formatda olan “Cırtdan və sehrli xalat” cizgi filminin, “Mozalan” studiyasında isə “Əlvida, Şmidt!” tammetrajlı bədii filminin istehsalı başa çatdırılıb. Sonuncu ekran əsərinin premyerası da olub.

Hazırda “Azərbaycanfilm”də “Daxildəki ada” tammetrajlı bədii-sənədli filminin, “Titrəmə” və “Sizə məktub var” qısametrajlı bədii filmlərinin, “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filminin, “Salnaməfilm” studiyasında “Köç” sənədli filmi və “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən növbəti filmlərin istehsalı davam etdirilməkdədir.

***

Yanvarın 14-dən 18-dək keçirilən “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən çəkilmiş filmlərin paytaxtdakı mədəniyyət müəssisələrində nümayişi təşkil olunub. Azərbaycanda multikultural dəyərlərə həsr olunmuş “Hapıtlar” və “Saxurlar” sənədli filmləri İsmayıllı və Zaqatalada təqdim edilib.

Yanvarın 25-dən 30-dək Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Film Festivalı keçirilib. İtaliyanın tanınmış kinematoqrafçılarının iştirak etdiyi festivalda ustad dərsləri, görüşlər təcrübə bölüşməsinə xidmət etməklə yanaşı, həm də qarşılıqlı əlaqələrə öz töhfəsini vermiş oldu.

Fevralda keçirilən  “Gəncliyin səsi” festivalı çərçivəsində Quba və Masallı  “ASAN Həyat” komplekslərində qısametrajlı bədii filmlərin təqdimatları və gənc rejissorlarla görüşlər təşkil edilib.

***

Azərbaycan filmləri beynəlxalq kinofestivallarda uğurla iştirak edir. “Nar bağı” bədii filmi 15-ci Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında (“Ən yaxşı aktrisa”), “Çölçü” bədii filmi ABŞ, İsrail, İtaliya, İndoneziya və Hindistanda keçirilən festivallarda müxtəlif nominasiyaların qalibi olub. “Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda, “Balaca” qısametrajlı bədii filmi İtaliyada, “Şəki” sənədli filmi Türkiyədə (İstanbul) festivallarda uğur qazanıb.

Dövlətin film sənayesinə diqqət və qayğısı, istedadlı gənclərin kinematoqrafiyaya yüksək marağı bu sahənin davamlı inkişafına ümid bəsləməyə əsas verir. Efir-ekranlarımız milli filmlərimiz hesabına zənginləşsin!

L.AZƏRİ