“Tanrının haqqını Tanrıya, Sezarın haqqını Sezara verin...”

Bu, “Bibliya” mənbə-ünvanlı bir dəyər.

Və bütöv bir eradır bu ünvana yağdırılan minlərlə tərif, təqdir, öygülərə belə bir əlavə: “qədim Roma”, “kəskin qılınc”, “iti ağıl”, “ekstremal”lıqlardan sivişmə ifadələri işlənirkən yada ilk düşən (və təkrarlandıqca təkrirlənmə ab-havası yaradan) Sezar, Sezar, Sezar... 

Bu canlı tarixi möcüzə e.ə. 100-cü ilin 12 iyulunda doğulub, e.ə. 44-cü ilin 15 martında öl(dürül)üb (və belə bir eksklüziv qeyd: bütün hadisələr eramızdan əvvələ aid olduğundan, bundan belə tarixçələr “e.ə.”-siz veriləcək).

Bu silsilə qalibiyyətlər fenomeni ölümündən sonra da (bir çox müstəvidə) qalib! Özü də tək elə öz erasından üzü bəri öz zirvəsinə qalxma şansı “vermədiyi” möhtəşəm qılınc qəhrəmanlarına yox, iki min yüz ildir xronoloji-faktoloji-filioloji cənglərə çıxan böyük tarixçi-tədqiqatçı-ədiblərə də. Onlardan biri də “Spartak” şedevrinin müəllifi Rafaello Covanyoli ki, bu möhtəşəm obraz və fəlsəfi qənaətlər (məsələn, “Romaya doğru biri “sabah üsyana qalxın!”, o biri “üsyanın qarşısını amansızlıqla almalı!” xəbərilə iki atlı çapırdı və qəribədir, ağalar-qullar dünyasının taleyi həmin atların qaçışından asılı idi...”) sahibi öz qadir soydaşının həyati-hərbi-siyasi “mükəlləfiyyət”ilə tam tanışlıqdan sonra heyrət sindromuna uğrayaraq, illərdən bəri ona dair ayrıca bir roman yazmaq arzu-iddiasından vaz keçib.

Bu “sindrom” zərərdidələrindən biri də bəndəniz ki, uzun illərdir oxuyub-eşitdiyi mənbələrin, iki ay öncə toplayıb-tanış olduğu internet materiallarının çoxşaxəliliyi labirintindən çıxa bilməyərək, bu yazının çapını qəhrəmanın öz adaş-ayına (Yuli – iyul) yox, varisi Oktavian Auqustun adıyla bağlı aya – avqusta çatdıra bildi.

Əl-qərəz, Böyük Tarixdən baxəbərlərin xəyalındakı eyniköklü total bir sualda saysız-hesabsızca çalarlanan –

 

Qay Yuli Sezar: –

 

Neçə illər davam edən vətəndaş müharibəsinə son qoyan.

Ramolunmaz german xalqlarını, saysız tayfaları, Britaniya adalarını itaəti altına alan.

Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirən.

Bir sıra islahatdan sonra, ümumxalq sevgisi kimi çoxdan qazandığı “İmperator” titulunu və “Vətən atası” dərəcəsini “qazdan ayıq, xəsisdən xəsis Senat”dan rəsmi də “qoparan”.

Afrika sahilində büdrəyib yıxılarkən “Ey Afrika, mən səni də qucaqlayıram!” nidası ilə vəziyyətdən çıxış imperatorluğu da edən.

Yürüşlər zamanı döyüşçüləri tərəfindən şəninə oxunan sataşqan mahnıları, atılan ədəbsiz replikaları belə təbəssümlə qarşılayan.

Bütün həyati fəaliyyəti hərbi-siyasi-ideoloji çevrəsinə qarşı əkslikdə keçdiyi halda, sırf şəxsinə qarşı ciddi bir müxaliflik edilməyən.

Tarixdə öz rəsmini sikkələr üzərinə ilk dəfə həkk etdirən.

Bütün respublika bürokratiyasını özünə tabe etdirib “Diktator perpetuus” (ömürlük diktator), öldürülməsindən iki il sonrasa Senat tərəfindən rəsmən “Roma Tanrısı” elan edilən.

Daim milli perspektivə işləyən konsept-kompleksallığı ilə minilliksonrakı İtaliya renessansını “uvertüra”layan...

Və bütün bu ölkədaxili birinciliklərindən sonra, HƏRB İDRAKIna görə –

 

Dünya İKİNCİsi!..

 

(Əlbəttə, Makedoniyalı İsgəndərdən sonra. Hansı ki, o “birinci”nin kiçik mərmər büstü bütün yürüşlərində bu “ikinci”nin “ayrılmaz yoldaşı” olub) 

Digər xarizmatik keyfiyyətləri baxımından, ən aşağısı, bəşər üçüncüsü hesab edilən bu məxluqun tərcümeyi-halının “mülki” qolu da doğal və ekspromt qəribəliklərlə dolu! Məsələn, soyunun ilahə Venera törəmələri geninə mənsubluğu. “Sezar” (almancada “Kayser”, slavyan dillərində “Çar”) koqnomeninin ulu babasının qeysər kəsiyilə doğulması ilə bağlılığı. Atasının ayaq üstdə – ayaqqabılarını geyərkən vəfat etməsi. Özünün böyük bir ailəyə on beş yaşından başçılıq etməyə başlaması. Qalib olduğu ölkələrdə (daim bənzərsiz bir natiqliklə savaş təlqin etdiyi əsgərlərinin gözündən yayınaraq) incəsənət abidələrini seyrə də vaxt ayırması. Sosial yaranışın ilki sayılan söz mülkünə “Gəmi sükançısı sualtı qayalardan ehtiyat etdiyi kimi, natiq də artıq söz işlətməkdən çəkinməlidir”, “Gəldim, gördüm, qalib gəldim”, “Bir məğlubiyyətin gətirdiyini heç bir qələbə gətirə bilməz”, “Mən – təbiət ölçülərinə görə də, şöhrət ölçülərinə görə də çox yaşadım” kimi yüzlərlə bəxşi...

 

Bir eradan artıqdır –

 

dünya tarixçiləri və filosoflarının böyük maraq və heyrətlə anıb-ağırladığı bu ADı o, Qalliya, Gergoviya, Dyrrhachium, Farsalus döyüşlərində, Alesia mühasirəsində, sayca dəfələrlə çox Pompey qüvvələrini geri püskürtməsi, Farnakes ordusunu Zela döyüşündə yox etməsilə qazanmışdır. Bunun sirri-cövhərində “baş rol” sərtliyinə, “epizod”larsa ədalətli nizam-intizam istedadına məxsus. Onun düşüncə və hərəki sürəti əfsanə halına gəlibmiş; bir gündə 60-65 kilometr! “Şərhlər” əsərindəki bir epizoda görə, əlçatmaz Qalliyanı mühasirə zamanı mühəndisləri inanılmaz bir müddətdə sərt qayalardan tunel açıb, su qaynağının yönünü dəyişərək orduya yönəldir və şəhər təslim olur.

İlk hərbi xidmətdə mühasirə zamanı göstərdiyi şücaət və praqmatikliyinə görə mükafatlandırılan, sonra Romaya dönüb, yenidən hüquqşünaslıq etməyə başlayan bu adam möhtəşəm natiqlik qabiliyyəti, insanları vəcdə gətirən jestləri, incə səsilə   “dövrün ən gənc Roma məşhuru” olur. Daha da mükəmməlləşməkçün Siseronun çalışdığı Rodosa gedir. Belə bir “tale zamanı” da gəlir ki, dəniz quldurları tərəfindən qaçırılır və... tarixə “dahi girov” kimi də düşür: buraxılması üçün adamlarından istənilən 20 talant qızılın (yəni öz “dəyər”inin) 50 talanta qaldırılmasını israr edir (və sonralar, dustaq olduğu zaman söz verdiyi kimi, onları çarmıxa çəkdirir). Məşhur Spartak-Roma qarşıdurması dövründə siyasi yüksəliş pilləsi olan tribun seçilir.

Kvestorluq vəzifəsini yerinə yetirməkçün getdiyi ünvanda Böyük İsgəndərin  heykəlilə qarşılaşandasa... onun dünyanı tutduğu yaşa çatdığının, lakin müqayisədə hələ çox az şeylərə nail olması reallığının fərqinə varır və bütün ruhu ilə –

 

Roma “siyasi həyatı”na dönür...

 

Öncə, Roma rəhbəri Sullanın nəvəsi Pompeya ilə evlənir. Ardıyca Aedilis seçilir və hakimiyyət rəhbərilə ziddiyyətdə bulunmuş əmisi Mariusun zəfərlərini qutlayan abidələrin restavrasiyasına başlayır, iki uğursuz çevriliş cəhdilə üzləşir. 63-cü il isə onunçün çox hərəkət-bərəkətli olur. Bunlardan ən başlıcası tanınmış tribunlardan birini siyasi sui-qəsd qurbanı olmuş bir başqasının ölümüylə əlaqədar məhkəmə şikayətinə təhrik edə bilməsi və özünün bu işə baxası iki hakimdən biri olaraq təyinatına nail olması idi. Bu “fövqəlbəşər persona” Sullanın Pontifex Maximus təyin etdiyi adamın ölməsi “fürsət”ilə həmin vəzifəyə namizəd olur. Daha sonra o, rəqiblərini təhdid edən rüşvət ittihamlarını daha da qabardır və seçki sabahısı anasına belə bir məktub yazır: “Mən sənin yanına ya Pontifex Maximus, ya da bir heç olaraq dönəcəyəm!” Bu “heç” seçilə bilməyəcəyi təqdirdə, prosesçün aldığı “hədsiz borclar”ı qaytara bilməmək qarşılığında sürgün məhkumiyyətinə işarə idi...

Bu böyük vəzifəyə Via Sakrada rəsmi iqamətgah təsisilə başlayan Sezar növbəti il, praetor seçilməsi planını hazırlayanlarla mübahisələrə qatılır. Ən qatı rəqibi Kato onu “plançılarla işbirliyi”ndə ittihamlayır və ondan, həmin mövzulu məktubu yığıncaqda yüksək səslə oxumasını tələb edir. Sezar isə... məsələni “Sezarcasına” təşkil edibmiş; əlindəki məktubu “rica edirəm, buyurun, özünüz oxuyun”, - deyə Katoya təqdim edir və... bu ən aşılmaz rəqib elə ilk iki sətirdəncə susmalı olur. Nədən ki, bu, Katonun ögey bacısının Sezara göndərdiyi sevgi məktubu imiş...

 

Bu tarixi zarafatdan sonra çox ciddi uğurlar silsiləsi...

 

Venetiləri donanma döyüşündə məğlub etməsilə Armorikanın fəthini sonlayır. 56-cı ildəki yürüşüyləsə bütün Qallıyanı Romaya tabe edir. 55-ci ildə Qalliyaya qarşı german tayfaları hücumunun qarşısını alır, bir müddət german torpaqlarında gəzişərək güc nümayişi edib, Britaniyaya keçir. Geri döndüyündə tam tabe qənaətinə gəldiyi Qalliyanı yeni bir üsyan bürüyür. Bütün tayfaları bir araya gətirməyi bacarmış üsyanbaşı onu bir necə toqquşmada məğlub edə bilsə də, bu sarsılmaz italiyalının xüsusi diqqətlə işlədiyi Alesia mühasirəsində təslim olmağa məcbur qalır və bunadək 3000 tayfaya boyun əydirmiş qəzəbli Sezar 800 yaşayış yerini dağıdır, Avarikum adlı bir şəhərin 40 minlik əhalisini qırıb-çatır...

Rubikon çayını keçməsilə (məşhur “Ox yaydan çıxdı!” məsəli) Romada vətəndaş müharibəsi başlayır. Sezar Pompeyi Brindiziyə qədər qovub, hökmranlığına son qoyur və on bir gün sonra onun öz xidmətçisinin gətirdiyi kəsik başına baxıb, baxıb ağlayır…

47-ci ildə Nil çayı sahilindəki döyüşdə tərəfdarlarını qalibiyyətədək müdafiə etdiyi Misir kraliçası Kleopatra ilə Nil çayı üzərində zəfər alayı qələbələrini qeyd edərkən kraliyyət qayığını müşayiət edən 400 gəmi Sezara Misir fironlarının möhtəşəmliyini də nümayiş etdirirmiş...

Daha sonra Orta Şərqə yönəlməsi, Pont kralını yox edəcəyi Zela döyüşü, Pompey tərəfdarlarıyla hesablaşmaqçün Afrikaya keçməsi, Tapsus döyüşündə Skipio və  Katoya qarşı zəfərləri, son müxaliflərini Munda döyüşündə məhv etməsi...

Nəhayət, bu qədər “Böyük İtaliyaçılıq” böyüyünə romaçıların –

 

Sui-qəsdi...

 

44-cü ildə Sezar ona yeni fəxri adlar veriləcəyini “muştuluq”lamaqçün ziyarətinə gələn senator heyətini ayaqda yox, oturulu halda qəbul etməyi qərarlaşdırır. Və bu, ovaxtadək senatorların xəyallarında xeyli məxfiliklə dolaşan sui-qəsdi reallaşdırma vəsiləsinə çevrilir. Dəməşqli Nikolasın qeydlərindən: “...Heç vaxt açıq halda toplaşmayan sui-qəsdçilər, nəhayət, birisinin evinə yığışıb, çox sayda mübahisə və təkliflər etdilər. Ancaq günün qazanan planı – yalnız senatorların girişinə icazə verilən və onların geydiyi paltarların sui-qəsd xəncərlərini gizləməyə çox uyğun olması səbəbilə – Sezarın Senat binasında öldürülmə variantı oldu. Qətldən iki   gün əvvəl Kassius sui-qəsdçilərlə yığıncaq keçirdi və planı sızdırası adamın dərhal xəncərlə özünü öldürməsi tapşırığını verdi”.

Və… bir əlində saxta (“həyat sonnaməsi” timsallı) layihə, digərində xəncər olan  Tillius Kimper ona yaxınlaşıb işə başlayır. Sezar “Bu bir vəhşət!” deyə bağırırkən, Kaska xəncərini çıxarıb, qarşısındakı “qorxunc boğaz”ın sağından soluna çəkir. Bu an bütün iştirakçılar (hətta “Sevimli Brut”u da) onu bıçaqlamağa başlayır və əfsanəvi Sezar ölümayağı anda da tarixin replikasına çevrilən bir fraza işlədir: “Brut, sən də?!” 

Bu tarixi qətldən ertəsi gün xəbər tutub qeyri-adi həyəcanlar yaşayası xalq “minbir halət” keçirəcək, qadınlar bu qeyri-adi rəhbərə (və təbii ki, bənzərsiz kişi xeylağına) sevgi əlaməti olaraq saçlarını kəsəcək...

Bu “heyrətamiz populyar”ın sonu – yüksək polit-proqnozçu sui-qəsdçilərin belə təsəvvür edə bilmədiyi bir sürətlə respublikanın sonunu gətirəcək, bundan sonra yaranası xaos dövründə Mark Antoni, hələ 19 yaşlı Oktavian və b. qanlı vətəndaş müharibəsində qarşı-qarşıya gələcək və “Sezar Oktavianı”nın ilk imperatoru olacağı ROMA İMPERİYASInın yaranması ilə nəticələnəcək....

Tahir ABBASLI