Avqustun 7-dən 17-dək İsveçrənin Lokarno şəhərində dünyanın “A” kateqoriyalı festivalları sırasına daxil olan ənənəvi kinofestival keçiriləcək. 1946-cı ildə əsası qoyulan festival “müəllif” və “intelektual” filmlərin nümayişi ilə tanınır.
72-ci Lokarno Beynəlxalq Film Festivalı çərçivəsində gerçəkləşəcək “Lokarno Film Akademiyası” proqramında ilk dəfə ölkəmiz də təmsil olunacaq. “Cinema Distribution” şirkətinin əməkdaşı Samirə Əsgərova müsabiqədən keçərək bu proqrama dəvət alıb. Şirkət xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.
Beynəlxalq proqramda Niderland, İsveçrə, Almaniya, Fransa, Livan, Britaniya, Çexiya və Portuqaliyadan da nümayəndələr iştirak edəcək. Tədbir zamanı film mütəxəssisləri ilə görüşlərdə Azərbaycanla potensial əməkdaşlıq, beynəlxalq satış, filmlərin ənənəvi və rəqəmsal distribusiyası, kinoteatrda nümayişinin təşkili ilə bağlı müzakirələr aparılacaq.
LALƏ