12-13 avqust Azərbaycanda Qurban bayramıdır
Avqustun 12-də, bütün İslam dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram münasibətilə ölkəmizdə iki gün – 12-13 avqust tarixi qeyri-iş günüdür.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı tövsiyələrini açıqlayıb.
Məlumatda deyilir ki, İslam dünyasının müqəddəs bayramlarından biri – “Eydül-Ədha” – Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramında müsəlman ümməti üçün böyük sevinc, fərəh, birlik və bərabərlik vardır. Müsəlmanlar Qurban bayramında bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, valideynlərinə, yaxın qohumlarına baş çəkir, aztəminatlı ailələrə yardım edirlər. Bu, Həzrət İbrahimin gələcək nəsillər üçün örnək olan, Uca Yaradana bağlılığını sübut edən gözəl bir gün, İlahi fürsətdir. Qurban bayramı sevinc, təbrik və xatırlama günüdür.
“Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması, dövlətçiliyimizin tərəqqisi üçün dualar edirik. Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilib - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar. Bu, böyük savabdır”, - deyə tövsiyədə bildirilir.
Vurğulanır ki, dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, insanı Yaradana yaxın edən Qurban bayramının sevincini valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirmək savabdır: “Аllаh-Təаlаnın insanların mənən sаflаşmаları və həmrəyliyə nail olmaları məqsədilə qərar verdiyi bu bayram günlərində kəsdiyiniz qurbanları, verdiyiniz ehsanları, etdiyiniz duaları qəbul etsin”.