Ağsuda rayon Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində tədbir keçirilib. Çiyni kəndindəki istirahət məkanında təşkil olunan tədbirdə vurğulanıb ki, insanpərvərlik və azadlıq nəğməkarı olan mütəfəkkir şairin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Çıxışlarda diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi geniş şəkildə qeyd edilib, həmin dövrdə şairin irsinin sistemli tədqiqi və təbliği başlanıb.
Həmçinin ölkə başçısının Nəsiminin 650 illiyi və “Nəsimi ili” ilə əlaqədar sərəncamlarına uyğun olaraq, Ağsu rayonunda keçirilən tədbirlərdən bəhs edilib.
Tədbirdə Nəsiminin şeirlərinə bəstələnən mahnılar oxunub, qəzəlləri səsləndirilib. İştirakçılar şairin əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.