“Debüt” studiyasında yeni ekran əsərinin çəkilişləri başlanır. Studiyadan verilən məlumata görə, aprelin ilk ongünlüyündə çəkilişlərinə start veriləcək kinoalmanaxın şərti adı “Bakı gecələri” adlanır. Kinoalmanaxa 5 novella daxildir. Hər novella qısametrajlı film kimi ekranlaşdırılacaq və xronometrajı 8-10 dəqiqə olacaq. Kinoalmanaxın çəkilməsinin əsas məqsədi Bakının gözəlliklərini, xüsusilə şəhərin gecə mənzərəsini nümayiş etdirməkdir. Çəkilişlər aprelin sonunda bitəcək.
Qeyd edək ki, kinoalmanaxa daxil olan novellaların ssenari müəllifi İlqar Fəhmidir. Qısametrajlı filmləri gənc rejissorlar Rövşən Ağayev, Xədicə Qarayeva, Kəmalə Zəkiyeva, Gündüz Əliyev və Cabir Hacıyev ekranlaşdıracaq. Filmlərin quruluşçu operatoru Yuri Varnovskidir.
L.Azəri