Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda dünyaya gəlib. 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirdikdən sonra Cəbrayıl rayonunda müəllim işləyib. Ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. 1956-cı ildə Bakıya gəlib, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi, sonra nəsr şöbəsinin müdiri işləyib.
   "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
   Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərib, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Sabir Əhmədlinin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, ona Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adları verilib
   Sabir Əhmədli 1993-1996-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyib. Yazıçılar Birliyinin Mükafatlar Şurasının sədri olub.
   2009-cu il aprelin 17-də vəfat edib.