Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm nazirinin müavini, professor Haluk Dursun avqustun 19-da yol qəzasında dünyasını dəyişib.
Malazgirt (1071) zəfəri ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Van vilayətinə gedən Haluk Dursunun olduğu avtomobil Erciş rayonunda qəzaya düşüb. Qəzada ağır yaralanan nazir müavini xəstəxanaya aparılarkən yolda keçinib.
Türkoloq, tarixçi, professor Haluk Dursun 1957-ci ildə anadan olub. İstanbulda Ayasofya Muzeyinin, Topqapı Sarayı Muzeyinin direktoru vəzifələrində işləyib. 2018-ci ildə mədəniyyət və turizm nazirinin müavini təyin edilmişdi.
Qeyd edək ki, nazir müavini olduğu qısa müddətdə Azərbaycan mədəniyyəti ilə bağlı bir neçə tədbirə də qatılmışdı. O, 2018-ci ilin oktyabrında Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən beynəlxalq kitab yarmarkasında Azərbaycan stendində Xalq Cümhuriyyətinin və böyük bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə təşkil olunmuş tədbirdə iştirak etmişdi. Bu ilin martında isə Haluk Dursun TÜRKSOY-un Ankaradakı qərargahında “Nəsimi ili”nin açılış mərasiminə qatılmış, mərasimdə çıxış etmişdi.
Professor Haluk Dursun avqustun 20-də İstanbul Sultanəhməd camisində qılınan cənazə namazından sonra Hereke Asri məzarlığında dəfn edilib.
Allah rəhmət eləsin.