“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.
“Son gecə” adlı film Azərbaycanın dahi şairi İmadəddin Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.
Filmin ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvin, quruluşçu rejissorları Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov, quruluşçu rəssam Rafael Əlizadə, qrim rəssamı isə Elbrus Vahidovdur. Nəsimi rolunu Əməkdar artist Elşən Rüstəmov oynayır. Filmdə Əməkdar artist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları çəkilib. Film sentyabr ayından ekrana çıxacaq.