Sentyabrın 2-dən 5-dək “Nərimanfilm” kinostudiyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi, “Pasha Holding” MMC-nin və bir sıra təşkilatların sponsorluğu ilə “Salam” Beynəlxalq yeniyetmə kinofestivalı keçiriləcək.
300-ə qədər 13-17 yaşlı yeniyetmənin iştirak edəcəyi festivala 10-a yaxın xarici ölkədən gənclər dəvətlidir.
Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrinə baxaraq filmləri müzakirə edəcək və münsif kimi səs verərək qalibləri müəyyənləşdirəcək. Film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar da keçiriləcək.
Layihənin məqsədi gəncliyimizin milli-mənəvi və ümumdünya dəyərlərinə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, mədəniyyətimizin təbliğidir.
Festivalın açılış mərasimi sentyabrın 2-də “CinemaPlus Amburan Mall”da keçiriləcək.
Qeydiyyatdan keçmək istəyənlər avqustun 25-dək “Narimanfilm” kinostudiyasına (əlaqə nömrəsi: +99412 5643809, +994556716335) müraciət edə bilərlər.