Avqustun 26-da Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib.

“Burada toplaşanların bir arzusu var – ərazi bütövlüyümüzün tezliklə bərpası”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

Sonra konsert proqramı təqdim edilib.

Tədbirə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da gəliblər.

Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq olub.

Tədbirdə Xocavənd, Şuşa, Ağdam, Füzuli rayonlarının təmsilçilərinin, “Şuşanın dağları” ansamblının ifaları səslənib.

Məcburi köçkünlər qarşısında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva dəvətə görə minnətdarlığını deyib:

– Bu gün ad günümdə sizinlə bərabər olmaq, doğma insanların əhatəsində olmaq mənim üçün çox xoşdur.

Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması.

Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib.

Altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub. Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. “Qobu Park-2” yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bir daha deyirəm, bizim arzumuz başqadır. Bizim vahid arzumuz “Qarabağ şikəstəsi”ni Qarabağ torpağında birlikdə eşitməkdir.

Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq. Çox sağ olun.

Sonra xatirə şəkli çəkdirilib.

Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb, dövlətin, o cümlədən Birinci vitse-prezidentin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər.

Birinci vitse-prezidentə “Şuşanın qalası” rəsm əsəri hədiyyə edilib.

***

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub, bir il sonra, yenə Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin maddi mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapıb. 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, onların təbliği, dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görür. Qədim məscidlərimizin bərpası, yeni müasir məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim təqdim olunub.

***

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da həmçinin paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi əyləncə və istirahət proqramında iştirak edib, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar.