Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində avqustun 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlərdə hər iki rayonun tarixi, maddi-mənəvi irsi, Qarabağ uğrunda gedən döyüşlər, işğal altında qalan mədəniyyət obyektləri və s. mövzular ətrafında müzakirələr aparılıb.

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyində 1993-cü ildə rayonda gedən döyüşlərdə şəhid olmuş Nurəddin Fətullayevin xatirəsi anılıb.  Biləsuvar və Cəbrayılın mədəniyyət işçiləri rayon ərazisindəki şəhid qəbirlərini ziyarət ediblər.

Salyan, Cəbrayıl və Biləsuvarın mərkəzi kitabxanalarında kitab sərgiləri və dəyirmi masalar təşkil edilib.

Heydər Əliyev mərkəzlərində Qarabağın tarixi və mədəniyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib. Neftçala və Biləsuvarın rəsm qalereyalarında açıq havada gənc rəssamların əl işləri təqdim olunub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Cəbrayıl, Füzuli (23 avqust) və Qubadlı (31 avqust) rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-cı ildönümünə həsr olunmuş “Yurd yerlərimiz yolumuzu gözləyir” başlıqlı tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa rayon Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət ediblər. Tədbir iştirakçıları Ağstafa şəhərindəki “Miniatür Azərbaycan” parkına gələrək qan yaddaşımızın tarixini əks etdirən kitab sərgisinə baxıblar. MKS-nin əməkdaşlarının hazırladıqları ədəbi kompozisiya nümayiş olunub.

Sonra mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Tədbirdə əvvəlcə Virtual Qarabağ İKT Mərkəzinin istehsal etdiyi “Qarabağ – əcdadlarımızın mirası” filmi nümayiş etdirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbirdə çıxış edərək Ermənistanın Azərbaycana silahlı təcavüzünün nəticələrindən söz açıb.

Tədbirdə Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin rolundan bəhs olunub, mədəniyyət işçilərinin bu işdə daha fəal olmasının vacibliyi vurğulanıb.