“Azərbaycan xalçaçıları” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkili” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi milli mədəni irsimizin, məişətimizin ayrılmaz hissəsi olan Azərbaycan xalçası və onunla bağlı ənənələri yaşatmaq, unudulmaqda olan texnologiyaları bərpa etmək və xalçaçılıq sənətinə marağı genişləndirməkdir.
Yeni layihə 2017-ci ildə reallaşdırılan “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsinin davamıdır.
Ötən layihə çərçivəsində Ağdam, Füzuli, Tərtər, Cəbrayıl rayonlarında yaşayan və Bakıda məcburi köçkün həyatı sürən xalçaçılar arasında sorğular keçirərək onların həyatı və yaradıcılığını əks etdirən elektron məlumat bankı yaradılıb. Layihə çərçivəsində təşkil olunan kursda Bakı şəhərində məskunlaşan məcburi köçkünlər arasında Qarabağ xalça ənənələrinə bağlılıq yaratmaq, onlarda xalq tətbiqi sənətinin bu növünə maraq oyatmaq, onların xalça ustaları və rəssamlarla təmas qurmasına şərait yaratmaqla sənətkarlığı inkişaf etdirmək nəzərdə tutulub.
Layihənin artıq yekunlaşmış birinci mərhələsində xalçaçı qadınlarla Qarabağ xalçaçılıq məktəbinin ənənəvi xovsuz xalçaları üzrə iki aylıq təlim keçirilib. Xalça ustaları və rəssamlar arasında ünsiyyətin qurulması məqsədilə “NUR Art House” mədəniyyət mərkəzində seminar və işgüzar görüş təşkil edilib. Uzun illərdir bu sənətlə məşğul olan xalçaçı Gülnarə Əliyeva təlim iştirakçılarına unudulmaqda olan Qarabağın “Şəddə” və “Dəstərxan” xovsuz xalçalarının toxuma üsullarını, rəng seçimini və s. öyrədib. Xalçanın toxunuşu, ilmələrin sıxlığı, sapların istifadəsi, rəngləri və s. haqqında suallar dolğunluqla cavablandırılıb.
Bakıda məskunlaşmış 10 məcburi köçkün xanımın cəlb olunduğu layihə, eyni zamanda bu insanlara yeni peşə əldə etmək, arzusunda olduqları xalçaları yaratmaq və sənəti yaşatmaq üçün ilk addımlar atmaq imkanı verir. Layihənin ikinci mərhələsində iki ənənəvi Qarabağ xovsuz xalçası – “Şəddə” və “Dəstərxan” toxunacaq, unudulmuş texnologiyalar bərpa ediləcək və müasir xalça məmulatları hazırlanacaq. Sonda “NUR Art House” qalereyasında layihə iştirakçılarının əl işlərindən ibarət sərgi açılacaq.