Qurban Abbasov “Şərəf” ordeni ilə təltif edilib

Kiyevdəki Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bu ölkənin müstəqilliyinin 28-ci ildönümü münasibətilə keçirilən “Etnik çələngi” adlı festivalda çıxış edib. Festivalda Azərbaycanın milli musiqisi də təbliğ olunub. Soydaşımız Qurban Abbasov və müğənni Natalya Kudryaşovanın rəngarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri festivala əlavə rəng qatıb. Festival Ukraynada yaşayan digər etnik xalqların konserti ilə davam edib.

Yeri gəlmişkən, Ukraynanın Xalq artisti Qurban Abbasov bu günlərdə “Şərəf” ordeni ilə təltif edilib. Kiyev Şəhər Administrasiyasının rəhbəri Vitali Kliçko soydaşımızı paytaxtın beynəlxalq aləmdə tanıdılmasında, mədəni, sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə bu medala layiq görüb.

Q.Abbasov bildirib ki, ona verilən qiymət, bütövlükdə Azərbaycan xalqına göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycan ilə Ukrayna arasında mədəni əməkdaşlığın inkişafı üçün birgə layihələrimiz davam edəcək”, - deyə o əlavə edib.

***

Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə təşkil olunan konsertdə də Azərbaycan mədəniyyəti təbliğ edilib.

Tədbirdə soydaşımız – “O səs Ukrayna” yarışının iştirakçısı, müğənni Vaqif Nağıyev çıxış edib. Onun ifasında Azərbaycan və Ukraynanın estrada mahnıları səsləndirilib. Onun ifası alqışlarla qarşılanıb.

Müğənni göstərdikləri dəstəyə görə şəhər meriyasına və Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.

Vaqif Nağıyev oktyabr-dekabr aylarında Ukraynanın Kiyev, Xarkov, Odessa və Dnepr şəhərlərində solo konsert proqramları ilə çıxış edəcəyini də deyib. Onun sözlərinə görə, konsertdə Azərbaycan, Ukrayna və Avropanın estrada musiqi əsərlərinə, o cümlədən bəstəkar mahnılarına yer veriləcək.

V.Nağıyev həmçinin vurğulayıb ki, soydaşlarımızdan ibarət qrupun yaradılması istiqamətində də işlər aparılır. Ona görə də istedadlı musiqiçilərin bir arada olması üçün müsabiqə elan edilib.