Avqustun 31-də Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26 ili tamam olur.
Ermənistanla 120 kilometr sərhədi olan Qubadlı rayonu 1992-ci ildən davamlı olaraq düşmən ölkə tərəfdən hücumlara məruz qalırdı. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib.
30 avqust 1930-cu ildə təşkil edilən Qubadlı rayonunun ərazisi 802 kvadrat kilometrdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonuna birləşdirilmiş, 1964-cü ildə yenidən ayrıca ərazi-inzibati vahid kimi təşkil olunmuşdu. İşğaldan öncə rayonun 94 yaşayış məntəqəsi (1 şəhər, 93 kənd) vardı, əhalisi 30 min nəfər idi. Qubadlı rayonu şimaldan Laçın rayonu, keçmiş Hadrut rayonu (Dağlıq Qarabağ Muxtar Vilayəti), şərqdən Cəbrayıl rayonu, cənubdan Zəngilan rayonu ilə həmsərhəddir. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir. Hazırda respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan Qubadlı rayonu əhalisinin sayı 38 min nəfərdən çoxdur.
Qubadlı kənd təsərrüfatı rayonu idi. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.
Qubadlı ərazisi qədim insan məskənlərindəndir. Arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdı. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərirdi. Qubadlı şəhəri ərazisində aşkar olunmuş Xırman yeri, Əliquluuşağı kəndində aşkar olunmuş Qalaça, Koroğlu qalası, Muradxanlı kəndi ərazisində Mal təpə abidələri mütəxəssislər tərəfindən Son Tunc, İlk Dəmir dövrlərinə aid edilir.
İşğal nəticəsində Qubadlı rayonunda 200-dən çox mədəni-məişət obyekti, 12 tarixi abidə dağıdılıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub. 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi də talan edilib. “Gavur dərəsi”ndəki IV əsrə aid ibadətgah, V əsrə aid Qalalı və Göyqala abidələri, XIV əsrdə tikilmiş Dəmirçilər türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.