Mark Şnayer: “Dünya ictimaiyyəti mədəniyyətlərarası dialoq ideyalarına bu dərəcədə sadiq olan ölkəni qiymətləndirməlidir”
“Mən Azərbaycanı digər 57 müsəlman ölkəsi ilə müqayisə etməyi xoşlayıram. Açıq-aşkardır ki, sizin ölkəniz multikulturalizm ənənələri sahəsində mütləq liderdir. Söhbət təkcə Prezident İlham Əliyevin bütün beynəlxalq konfranslarda, o cümlədən “Bakı Prosesi” çərçivəsində tolerantlıq ideyalarının təbliğinə şəxsi sədaqətindən yox, həmçinin özündə dözümlülük və dinc yanaşı yaşamağı ehtiva edən bu dəyərlərin Azərbaycan cəmiyyətinin əsasını təşkil etməsindən gedir. Mədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı anlaşma yüz illər boyu Azərbaycan cəmiyyətinin əsası olub və belə olaraq da qalır. Bu, yeni platforma deyil, öz-özlüyündə unikal hadisədir”.
Bu sözləri ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer AZƏRTAC-a müsahibəsində deyib. Azərbaycanda tolerantlıq ənənələrindən, bu dəyərlərin bütün dünyada təbliği istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərindən bəhs edən M.Şnayer deyib ki, Azərbaycana tez-tez səfər edir və mədəniyyətlərarası və dinlərarası dialoq üzrə bir çox qlobal konfranslarda iştirak edir. “Qeyd etmək vacibdir ki, bütün bu illər ərzində Birinci vitse-prezident Azərbaycanı mədəniyyətlərarası platformada dünyanın paytaxtına çevirmək üçün şəxsi səylərini əsirgəməyib. Bunun sayəsində o, bütün dünyadakı müsəlman qadınların əksəriyyətini ruhlandırıb. Heyrətamiz haldır ki, onun liderliyinin atributları, humanizm və dözümlülük dəyərlərinə sədaqət prinsipləri Azərbaycan cəmiyyətinin təməlini təşkil edən ənənələrə uyğundur”, - deyə M.Şnayer bildirib.
ABŞ Etnik Anlaşma Fondunun prezidenti, həmçinin Azərbaycandakı yəhudi icması haqqında da danışıb: “Azərbaycan yəhudilərindən söz düşmüşkən, qeyd etməliyəm ki, bu icma öz-özlüyündə bir fenomendir. Maraqlıdır ki, əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə 25 minlik yəhudi icması mövcuddur. Bu insanlar öz dininə sərbəst şəkildə etiqad etməklə və sülh şəraitində yaşamaqla yanaşı, həmçinin Azərbaycan xalqı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən sevilirlər. Mən bu ilin mayında Bakıya səfərim zamanı ilk koşer restoranının açılışında iştirak etdim. Bu, mədəni nöqteyi-nəzərdən qeyri-adi təcrübə idi. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq, dinc yanaşı yaşamaq ideyalarının İslam dünyasında təbliği, İsraillə və bütün dünyadakı yəhudi icmaları ilə dostluq əlaqələri üzrə aparıcı ölkədir”.
Ravvin Şnayer fikrinə bu sözlərlə yekun vurub: “Mən Azərbaycandan söz açanda, səs tonumda həmişə ruh yüksəkliyi hiss etmək mümkündür. Şadam ki, bu cür ölkə mövcuddur və dünya ictimaiyyəti mədəniyyətlərarası dialoq və dinc yanaşı yaşamaq ideyalarına bu dərəcədə sadiq olan ölkəni qiymətləndirməlidir”.