Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Ordubad rayonuna ekskursiyası təşkil olunub.
Gənclər əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir və ümummilli lider Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən, 1981-ci ildən fəaliyyət göstərir. Burada bərpa işləri aparıldıqdan sonra muzey 2011-ci ildə yenidən istifadəyə verilib. Muzeyin fondunda 4 mindən çox eksponat qorunub saxlanılır.
Sonra gənclər akademik Yusuf Məmmədəliyevin, Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər. Onlara muzeylərdə saxlanılan eksponatlar haqqında ətraflı məlumat verilib.